Azərbaycan, Bakı, 5 iyul /Trend/
Liviya lideri Müəmmər Qəddafinin təhlükəsizliyinə zəmanət veriləcəyi təqdirdə, hakimiyyətdən əl çəkəcəyi ilə bağlı məlumat həqiqətəuyğun deyil. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Reuter" agentliyi Liviya Nazirlər Kabinetinin mətbuat katibi Musa İbrahimin bəyanatına istinadən məlumat verib.
İbrahim bildirib ki, Qəddafinin getməsi və ya onun ölkədə (Liviyada), yaxud ondan kənarda sığınacaq axtarması ilə bağlı məlumat tamamilə yanlışdır.
"Qəddafinin hakimiyyəti müzakirə mövzusu deyil, bu bizim prinsipal mövqeyimizdir və Liviyanın gələcəyini liviyalılar həll etməlidir. Qəddafi tarixi şəxsiyyətdir və liviyalılar onu müdafiə edərək canlarından keçərlər", - İbrahim əlavə edib.