...

Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasına heç nə mane olmur - Azərbaycan XİN

Siyasət Materials 20 İyul 2011 16:58 (UTC +04:00)
Xəzərin hüquqi statusu haqqında tammiqyaslı Çərçivə Konvensiyasının imzalanmasına heç bir şey mane olmur.
Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasına heç nə mane olmur - Azərbaycan XİN

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Xəzərin hüquqi statusu haqqında tammiqyaslı Çərçivə Konvensiyasının imzalanmasına heç bir şey mane olmur. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Moskvada Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Məlumatı RİA Novosti yayıb.

İyulun 19-20-də Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirləri səviyyəsində Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair xüsusi işçi qrupunun 29-cu iclası keçirilir.

"Bu sənədin (Çərçivə Konvensiyasının) imzalanmasına heç nə mane olmur. Əlbəttə, məsələlərin xarakteri, onların mürəkkəbliliyi və bir-biri ilə əlaqəsi kifayət qədər vaxt tələb edir ki, bütün tərəflər öz mövqelərini razılaşdırsınlar. Və bizim vəzifəmiz bu mövqeləri uyğunlaşdırmaq, onları yaxınlaşdırmaq, açıq qalan məsələləri aradan qaldırmaqdır", - Xələfov bildirib.

Onun sözlərinə görə, "istisnasız olaraq tərəflərin hər birinin konvensiyanın razılaşdırılması üzrə işi sürətləndirmək üçün iradəsi və səyi var".

Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti