Azərbaycan, Bakı, 28 iyul /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Göyçay rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, 9 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ləkçılpaq-Yalman-Şıxbəy-Məlikkənd-Şıxəmir avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,5 milyon (iki milyon beş yüz min) manatı Göyçay rayon İcra Hakimiyyətinə ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək; Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.