...

İrana qiyam lazımdırsa, bunu elə soydaşlarımız edəcəklər - Natiq Məmmədli

Siyasət Materials 12 Avqust 2011 17:02 (UTC +04:00)
İrandan gələn bəyanatlar həmişə qıcıq yaradır. Tehrandan səsləndirilən hər kəlmə dünyanı qəzəbləndirir. Beynəlxalq hüququn bütün prinsiplərini ayaq altına atan bu dövlət orta əsr düşüncəsi ilə XXI əsrə meydan oxuyur.
İrana qiyam lazımdırsa, bunu elə soydaşlarımız edəcəklər - Natiq Məmmədli

"Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli

İrandan gələn bəyanatlar həmişə qıcıq yaradır. Tehrandan səsləndirilən hər kəlmə dünyanı qəzəbləndirir. Beynəlxalq hüququn bütün prinsiplərini ayaq altına atan bu dövlət orta əsr düşüncəsi ilə XXI əsrə meydan oxuyur. Əgər buna siyasət demək mümkündürsə, belə davranışın aqibətinin necə olacağı haqqında çox götür-qoy etməyə dəyməz. Ekzotik çalması altında gizlənən Qəzzafinin, Yaxın Şərqi kütləvi qırğın silahı ilə təhdid edən Səddam Hüseynin aqibəti necə oldusa, İranın da eyni taleni paylaşacağı uzaqda deyil.

Öz gözündə tiri görməyən İran rəsmilərinin xəstə iddiaları həmişə məntiqsiz, qərəzli və düşməncəsinə olub. İslamı əlində bayraq edənlərin müqəddəs Ramazan ayının mahiyyətinə uymayan bəyanatlar səsləndirməsi əslində onların iç üzünü və cahilliyini açıb göstərir. İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin siyasətdən və tarixdən xəbərsiz çağırışı da bu qəbildəndir. General adını daşıyan şəxs açıq-aşkar Azərbaycan Respublikasında insanları qiyama çağırır, başqa bir dövlətin daxili işlərinə kobud müdaxilə edir, tarixini, milli dəyərlərini alçaldır. Oxşar çağırışlar "Səhər" kanalının efirindən hər gün səsləndirilir. Maraqlıdır ki, bunu daxili "demokratiya"nın (?) göstəricisi hesab edən rəsmilər, onun İranın dövlət siyasətini əks etdirmədiyini deyirlər. Bəs Baş Qərargah rəisi də eyni ilə diletant jurnalist kimi sərsəmləyirsə necə? Həmişə olduğu kimi təkzib verirlər, deməli, ya bu ölkənin rəsmiləri ağızlarının danışığını bilmir, ya da faktiki olaraq rəsmi dövlət strukturu kimi fəaliyyət göstərən jurnalistlərin başında problem var. İstənilən halda bu tip savadsız, irqçi, məkrli bəyanatı İrandan başqa dünyanın heç bir ölkəsindən eşitmək olmaz.

Rəsmi Bakı dərhal məsələyə münasibətini bildirdi - etiraz notası bu ölkənin səfirinə təqdim edildi. Açıq şəkildə xəbərdarlıq edildi ki, dövlət sərhədində təxribatlar törədib, Azərbaycanı öz məkrli oyunlarına çəkmək cəhdlərindən əl götürsünlər. Azərbaycanın müstəqilliyi, onun inkişafı, dünyada yerini möhkəmləndirməsi Ermənistan kimi, İranı da narahat edir. Çünki hər iki dövlət mahiyyət etibarilə eyni məzhəbə, eyni mərama xidmət edir. Sözdə islam həmrəyliyindən danışılır, ərazi bütövlüyümüz dəstəklənir, əməldə isə bunun tamam əksini görürük. Bizə tarix dərsi keçən general bilməmiş deyil ki, başqa bir müsəlman ölkəsinin ərazilərini işğal edən, əhalisini soyqırıma məruz qoyan Ermənistanı ayaqda tutmaq üçün İran bütün imkanlarından yararlanır. Şirəsini İrandan alan Ermənistan prezidenti su yoluna döndərdiyi Tehranda hətta hər iki xalqın eyni kökdən gəldiyini, əti bir, qanı bir olduğunu bəyan edir. Məlum məsələdir ki, müsəlman-xristian qardaşlığı kimə qarşı yönəlib. Necə ola bilər ki, Fələstində balaca uşağa dəyən gülləni öz ürəyində hiss edən molla rejiminin səlahiyyətli nümayəndələri bir dəfə Xocalıdan danışmırlar. Təkcə bu il iki azərbaycanlı uşağın terrora məruz qalmasına etiraz səslərini qaldırmırlar. İslam həmrəyliyi yalnız özlərinə sərf edən anda yada düşürsə, deməli bu, riyakarlıqdan başqa bir şey deyil.

Başqa ölkənin vətəndaşlarını qiyama səsləyən general bir dönüb öz ölkəsinə baxsa yaxşıdır. Mahmud Əhmədinejad saxta seçkilər yolu ilə hakimiyyəti mənimsədikdən sonra İran şəhərləri döyüş meydanına çevrildi, yüzlərlə xəsarət alanlar oldu, minlərlə insan həbs edilib işgəncələrə məruz qaldı. Repressiyalar hələ indiyə kimi davam edir. Molla rejimindən bezən sadə insanlar həmişə ayaqdadırlar, barıt çəlləyinə oxşayan bu ölkədə partlayışın olması üçün balaca bir qığılcım lazımdır. Dünyanın bütün ölkələrinə İrandan olan mühacirlər səpələniblər, onlar istibdaddan baş götürüb qaçmış şəxslərdir.

Ədalətdən danışan İran generalı bilirmi ki, onun ölkəsi tarix boyu əldə etdiklərinə görə Azərbaycan türklərinə minnətdar olmalıdır? Bu ölkənin əhalisinin böyük bir hissəsini azərbaycanlılar təşkil edirlər. İrana qiyam lazımdırsa, bunu elə soydaşlarımız edəcəklər. Özü də buna onların tam haqqı var. Bir xalqın ki, ana dilində məktəbi yoxdur, uşağına ancaq fars adı qoymağa və kobud dildə danışmağa məcbur edilirsə, hər tində hüquqları taptanır, təhqir edilirsə, onda niyə də qiyam olmasın? İslamda etirazın son həddi olan cihad elə haqsızlığa qarşıdır. Şərin qarşısında əyilmək, alçalmaq olmaz. Ona qarşı döyüşməli, haqqını tələb etməlisən. İranda cihad üçün hansısa başı sarıqlının fətvasını gözləməyə ehtiyac yoxdur.

Hərbiçinin bəyanatında ən çox təəccüb doğuran isə Aran ifadəsinin işlədilməsidir. Görünür Azərbaycan deməyə qorxurlar. V əsrdə Əhmənilər dövründə istifadə olunan coğrafi terminin müstəqil dövlətin adına yamaq edilməsi belə niyyətdə olan şəxsin tarix şüurunun laxlamasından xəbər verir. Tarix haqqında monoloq demək şovinistlərin köhnə xislətidir. Amma dialoq olanda danışmağa üzləri gəlmir. Biz "Səfəvilər Azərbaycan dövlətidir" deyəndə elə bil başlarına qaynar su tökürlər. Əmir Teymur milli mənsubiyyətinə lağ eləyən Firdovsini qəbirdən çıxartdırıb dedi ki, lağ elədiyin türk mənəm, sözün nədi? İran rəsmiləri bu vaxta kimi əldə etdiklərinə görə, Azərbaycan türklərinə minnətdar olmalıdırlar və onların qəzəbindən qorxmalıdırlar.

Xəbər lenti

Xəbər lenti