...

Azərbaycanla Gürcüstanın inkişafı bir-birinə bağlıdır-deputatlar

Siyasət Materials 28 Avqust 2011 16:46 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatları hesab edirlər ki, Azərbaycanla Gürcüstanın inkişafı bir-birinə bağlıdır
Azərbaycanla Gürcüstanın inkişafı bir-birinə bağlıdır-deputatlar

Gürcüstan, Batum, 28 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Parlamentinin deputatları hesab edirlər ki, Azərbaycanla Gürcüstanın inkişafı bir-birinə bağlıdır.

"Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan-Gürcüstan münasibətlərində dönüş nöqtəsi olub", Trend-in məlumatına görə, bu barədə bazar günü Gürcüstanın Batumi şəhərində Azərbaycan müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən "Azərbaycan dövlət müstəqilliyinin bərpasının iyirminci ilində" adlı konfransda çıxışı zamanı deputat Qənirə Paşayeva bildirib.

Onun sözlərinə görə, Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bu münasibətlərin yeni mərhələsi başlayıb.

"Heydər Əliyev sübut etdi ki, Azərbaycan və Gürcüstan birlikdə daha güclü ola bilər. Azərbaycanın həyata keçirdiyi bütün layihələrdə Gürcüstan da var. Çünki Gürcüstanın inkişafı Azərbaycanın inkişafı üçün olduqca vacibdir. Azərbaycanla Gürcüstanı tək tarix deyil, bugünkü iqtisadi, siyasi və mədəni münasibətlər də bağlayır" - Paşayeva əlavə edib.

Paşayeva hər iki ölkənin etnik separatizmdən əziyyət çəkdiyini xatırladıb və əlavə edib ki, etnik separatizmə qarşı mübarizədə də Azərbaycanın və Gürcüstanın birgə fəaliyyətləri günü-gündən inkişaf edir.

"Əminəm ki, Azərbaycan və Gürcüstan bu cür münaqişələrin həlli istiqamətində dəstəyini gələcəkdə də sıx şəkildə artıracaqlar" - o vurğulayıb.

O bildirib ki, Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı burada yaşayan azərbaycanlıların inkişafı üçün də önəmlidir.

"İki ölkələrin münasibətlərində bu məsələ hər zaman ön sıralarda olub. Bu gün Gürcüstanda yaşayan azərbaycanlıların inkişafı üçün şərait yaradılır" - millət vəkili deyib.

Milli Məclisin deputatı Musa Qasımlı öz çıxışında qeyd edib ki, 1918-ci ildə mayın 28-də Azərbaycan müstəqilliyini qurandan sonra Azərbaycan xalqı bütün müsəlman şərqinə demokratik respublika ideyasını gətirdi.

"Həmin vaxt Azərbaycanın qarşısında dayanan əsas məqsəd dövlət müstəqilliyinin tanıdılması idi ki, bu da 1920-ci ilin yanvar ayında Parisdə baş tutub. Bu tanıdılmanın Azərbaycan-Gürcüstan dostluğunda bir kökü var. Azərbaycan və gürcü xalqı bundan ibrət götürməlidir." - Qasımlı əlavə edib.

Onun sözlərinə görə, həmin dövrdə Azərbaycanla Gürcüstan arasında olan əlaqələr hərbi-siyasi şura şəklində formalaşmışdı, eyni zamanda iki ölkə ticarət sahəsində də əməkdaşlıq edirdilər.

Qasımlı iki ölkə arasındakı əlaqələrin bugünkü gündə daha da inkişaf etdiyini deyib.

Konfrans bu gün işinə başlayıb və iki gün davam edəcək.

Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, ombudsman Elmira Süleymanova, millət vəkilləri Qənirə Paşayeva, Musa Qasımov, Gülər Əhmədova iştirak edirlər. Budan əlavə, Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Mirza Davitaya və Azərbaycanın Batumidəki baş konsulu Hüseyn Nəcəfov da iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti