...

Azərbaycanın müxalifət partiyaları bir-birlərini ideya oğurluğunda günahlandırırlar

Siyasət Materials 5 Sentyabr 2011 14:16 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyaları bir-birlərini ideya oğurluğunda günahlandırırlar.
Azərbaycanın müxalifət partiyaları bir-birlərini ideya oğurluğunda günahlandırırlar

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalifət partiyaları bir-birlərini ideya oğurluğunda günahlandırırlar.

"İctimai Palata yaranmazdan irəli sürülən təməl ideya mənə məxsusdur. Mən hələ parlament seçkilərindən əvvəl alternativ, kölgə parlamenti yaradılması ideyasını irəli sürmüşdüm. Liderlərin çoxu ilə razılaşmışdım, ancaq seçkilərdən sonra AXCP və Müsavat təşəbbüsü ələ almaq üçün o ideyanı elan elədilər və sonradan həmin ideyanı transformasiya edərək İctimai Palata ideyasını ortaya qoydular", - bazar ertəsi Trend-ə Azərbaycan Demokrat Partiyasınn (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Cəlaloğlu hələ də üzərində dayandığı "Alternativ parlament" ideyasının AXCP və Müsavat rəhbərliyi tərəfindən tənqid olunmasına münasibət bildirərkən qeyd edib ki, həmin partiyalar seçkilərdən sonra Alternativ parlament yaratmaq istəyirdilər.

"Onların bu ideyanı reallaşdırmaq üçün potensialları olmadığına görə İctimai Palata ideyasının üzərində dayandılar. Alternativ parlament yaratmağa gücləri çatmadı. Ona görə də özlərinin gücü çatmadığı bir ideyanın yenidən gündəmə gəlməsində maraqsızdırlar. Əgər biz alternatv parlament ideyasını reallaşdıra bilsək, belə alınacaq ki, biz AXCP və Müsavatdan daha güclüyük", - Cəlaloğlu vurğulayıb.

ADP sədri onu da bildirib ki, bu ideyanın reallaşması onlara sərf etmir və bu məsələyə qısqanclıqla yanaşırlar.

Cəlaloğlu Alternativ Parlament təşəbbüsünün reallaşması ilə bağlı hazırkı vəziyyət barədə də məlumat verib.

"Bu ideya nə qədər mütərəqqi olsa da, hələ də cəmiyyətdə kifayət qədər tərəfdar toplaya bilməyib. Bu parlamentdə iştirakını arzuladığımız adamlar burada iştirakdan imtina ediblər", - o bildirib.

İctimai Palata ideyasının müəlliflərindən biri, Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseyn Cəlaloğlunun səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib ki, İctimai Palata kölgə parlamenti deyil.

"Kölgə parlamentin funksiyası İctimai Palatanın nəzərdə tutduğu funksiyalardan biridir. İctimai Palatanın təsis sənədlərində "kölgə parlamenti" sözü belə işlənməyib. Bu, kütləvi vətəndaş hərəkatıdır. İctimai Palatanın mahiyyəti budur", - Hüseyn Trend-ə deyib.

O, Cəlaloğlunun belə mövqeyi ilə tanış olmadığını bildirib.

"Sərdar bəyə doğrudan da belə bir ideya məxsus olubsa, başqa birinə də belə bir ideya məxsusdursa, bunun dolayısı ilə İctimai Palata ilə əlaqələndirilməsi düzgün deyil", - Hüseyn bildirib.

Xəbər lenti

Xəbər lenti