...

ATƏT nümayəndəsi: Dağlıq Qarabağ münaqişəsinin həlli mümkündür

Siyasət Materials 6 Sentyabr 2011 14:52 (UTC +04:00)
ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərdə siyasi iradənin olmasını, atəşkəs rejiminin möhkəmləndirilməsini və qoşunların təmas xəttində atışma hallarının araşdırılmasını vacib sayır.
ATƏT nümayəndəsi: Dağlıq Qarabağ münaqişəsinin həlli mümkündür

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərdə siyasi iradənin olmasını, atəşkəs rejiminin möhkəmləndirilməsini və qoşunların təmas xəttində atışma hallarının araşdırılmasını vacib sayır. Trend-in məlumatına görə, bu barədə ATƏT-in xüsusi nümayəndəsi Qedryus Çekuolis Azadlıq radiosunun Avropa şöbəsinə verdiyi müsahibəsində deyib.

"Bizim mövqeyimiz ondan ibarətdir ki, tərəflər siyasi iradə göstərdikdən sonra etimadın möhkəmləndirilməsi üzrə tədbirlər hazırlamaq üçün imkan yaranacaq. Biz XXI əsrdə yaşayırıq və buna görə də münaqişələrin həlli ancaq danışıqlar yolu ilə mümkündür. Mən hərbi məsələlər üzrə ekspert deyiləm, amma aydındır ki, müharibə bu münaqişəni həll etməyə kömək etməz", - Çekuolis deyib.

Onun sözlərinə görə, ATƏT ABŞ və Fransa prezidentləri Barak Obama və Nikola Sarkozinin dəstəyi ilə Rusiya Prezidenti Dmitri Medvedevin səylərini alqışlayır.

"Biz hesab edirik ki, münaqişə tərəfləri nizamlama üçün müəyyən yolla ortaq məxrəc tapmalıdırlar. Bu, həqiqətən də, mümkündür", - o bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti