Özbəkistan, Daşkənd, 13 sentyabr /Trend, müxbir D.Əziziov/
Azərbaycanın daxili işlər naziri Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti bazar ertəsi Özbəkistanın daxili işlər naziri Bahadır Matlyubovla görüşüb. Trend-in məlumatına görə, bu barədə Özbəkistanın Milli İnformasiya Agentliyi məlumat verib.
Görüşdə terrorizm, ekstremizm və insan alverinə qarşı mübarizədə əməkdaşlığın gələcəkdə dərinləşdirilməsi məsələləri müzakirə olunub. Təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycanın daxili işlər naziri qeyd edib ki, Azərbaycan-Özbəkistan əməkdaşlığı qarşılıqlı maraqlılıq prinsipləri üzrə inkişaf edir. İki nazirin görüşü zamanı əldə olunan razılaşmalar ikitərəfli münasibətlərin gələcəkdə dərinləşməsinə xidmət edir.
Danışıqlar zamanı qeyd olunub ki, Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq ardıcıl olaraq bir çox istiqamətlərdə, o cümlədən təhlükəsizlik sahəsində inkişaf edir. Bu əməkdaşlığın mühüm hüquqi əsasını iki dövlət başçısının görüşlərində əldə olunan razılaşmalar təşkil edir.
Elə həmin gün Ramil Usubov Özbəkistanın baş prokuroru Raşicon Kadırovla görüşüb. Danışıqlar zamanı iki dövlətin hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyətinin gələcəkdə möhkəmləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.