...

Azərbaycanda "Eurovision-2012" müsabiqəsi ilə bağlı polislərə ingilis dilinin öyrədilməsinə başlanılıb

Siyasət Materials 14 Sentyabr 2011 13:21 (UTC +04:00)
Azərbaycanda "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı ictimai asayişin mühafizəsini həyata keçirən polis əməkdaşları üçün ingilis dili kursları təşkil olunub.
Azərbaycanda "Eurovision-2012" müsabiqəsi ilə bağlı polislərə ingilis dilinin öyrədilməsinə başlanılıb

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı ictimai asayişin mühafizəsini həyata keçirən polis əməkdaşları üçün ingilis dili kursları təşkil olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-in sorğusuna cavab olaraq bildirib ki, ölkə başçısı İlham Əliyev "Eurovision-2012" mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, müsabiqənin keçirilməsi üçün Təşkilat Komitəsi yaradılıb. Daxili işlər naziri Ramil Usubov təşkilat komitəsinin üzvüdür.

"Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq müsabiqənin keçirildiyi zaman ölkəmizdə, o cümlədən Bakıda ictimai asayişin daha nümunəvi, daha etibarlı mühafizəsini təmin etmək və xaricdən gələcək çoxsaylı qonaqlarda və turistlərdə ölkəmiz, onun tarixi və mədəniyyəti haqqında ətraflı və dolğun təəssürat yaranması məqsədilə nazirlik rəhbərliyi ictimai asayişin mühafizəsinə cəlb olunacaq əməkdaşlara xarici dilin öyrədilməsini məqsədəmüvafiq hesab edib", - Zahidov deyib.

Nazirlik sözçüsü bildirib ki, bu məqsədlə "Kaspi" Təhsil Mərkəzi ilə imzalanmış müqaviləyə əsasən, avqustun 1-dən başlayaraq DİN-in Çevik Polis Alayının 300 əməkdaşı 6 aylıq ingilis dili kurslarına cəlb edilib.

Zahidovun sözlərinə görə, paytaxt rayonlarının polis idarələrinin 120 əməkdaşının da xarici dil kurslarına cəlb edilməsi məqsədilə Azərbaycan Dillər Universiteti ilə danışıqlar aparılır.

Adıçəkilən təhsil müəssisəsində oktyabrın 1-dən 120 nəfər polis əməkdaşı üçün 4 aylıq kurslar təşkil olunması nəzərdə tutulub.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə " Eurovision 2011" mü sabiqə sinin qalibi olub.

56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms-səsvermə və professional juri seçimi nəticəsində "Eurovision 2011"-in qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared"). Bununla da Azərbaycan "Eurovision 2012" müsabiqəsini keçirmək hüququnu qazanıb.

Xəbər lenti

Xəbər lenti