Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir T.Cəfərov/
İran və Azərbaycan iki dost və qardaş ölkədir və heç bir amil bu qardaşlıq münasibətlərini poza bilməz. Bunu İran Prezidenti Mahmud Əhmədinejad bu gün səhər İranın Azərbaycanla sərhədində yerləşən Parsabad şəhərində çıxışında deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
"Biz Azərbaycanla qardaşlıq münasibətlərini və onun müstəqilliyini dəstəkləyirik. Sərhəd bölgələrində Azərbaycanla İranın əlaqələrinin möhkəmləndirilməsində və bütün sərhəd keçid məntəqələrinin fəaliyyətinin genişləndirilməsində maraqlıyıq", - İran Prezidenti bildirib.
Əhmədinejad sentyabrın 14-də İranın Azərbaycanla sərhəddə yerləşən Ərdəbil ostanına səfər edib.
Əhmədinejad səfərin ilk günü Ərdəbil ostanının Xalxal, Kövsər, Nir şəhərlərinə, ikinci gün isə Azərbaycanla sərhəddə yerləşən Biləsuvar, Parsabad, Germi, Meşkinşəhr və Nəmin şəhərlərinə səfər edib.
Səfər sabah başa çatacaq.