...

Əli Həsənov: Azərbaycan 20 ildə demokratik, sivil və tolerant dövlət olaraq formalaşıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 23 Sentyabr 2011 12:01 (UTC +04:00)

İkinci abzasdan sonra çıxış əlavə olunub (İlk xəbər saat 11:38-də yayılıb)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan 20 ildə bir dövlət olaraq formalaşıb və demokratik, sivil, mədəni və tolerant əhalisi olan bir dövlətdir. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunan beynəlxalq konfransda çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Azərbaycan SSRİ zamanında neft və qazla zəngin bir dövlət idi. 1993-1994-cü illərdə TRASEKA layihəsindəki ölkələrdən biri kimi tanınmağa başladı. Azərbaycan alternativ nəqliyyat, kommunikasiya məkanı kimi tanındı. 1994-cü ildə alternativ enerji mənbəyi kimi tanındı", - Həsənov deyib.

PA rəsmisi çıxışında deyib ki, Azərbaycan Xəzər dənizində zəngin neft yataqlarına malik bir dövlətdir.

"Xəzərdə tapılan neft-qaz yataqları Avropanı 100 il enerji ilə təmin etməyə qadirdir. Azərbaycan 1994-1998-ci illərdə dünyaya alternativ enerji mənbəyi kimi daxil oldu. Azərbaycan müsəlman Şərqinin ilk operasını yaradan bir ölkədir. Azərbaycan Şərqdə ilk demokratik dövlət yaratdı. Bizim bu gün qurduğumuz dövlət həmin dövlətin varisidir. Azərbaycan bəzi Avropa ölkələri sırasında birinci olaraq bəzi siyasi hüquqların bərabər bölündüyü məkan olub. 1919-cu ildə qadınlara seçki hüququ verildi. Coğrafi mövqeyinə görə Azərbaycan Cənubi Qafqazın ən böyük dövlətidir. Azərbaycan Cənubi Qafqaz ölkələri arasında ən zəngin təbii resurslara malikdir. 14 milyard barel neft, 2,55 trilyon kubmetr qaz ehtiyatı var. Ehtimal olunun 7 trilyon kubmetr qaz ehtiyatı var. Azərbaycanda qızıl, mis və digər ehtiyatlar var", - Həsənov qeyd edib.

Həsənovun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda özünün enerji tələbatını ödəyən yeganə dövlətdir. Azərbaycan 90 faiz ərazisi təbii qazla təmin olunmuş dövlətdir.

PA rəsmisi deyib ki, əhalinin təxminən 65 faizi əmək qabiliyyətlidir. 65 yaşdan yuxarı olanlar cəmi 8 faizdir.

"Əhalinin sayı 9 milyon 165 min nəfərdir. Bu da Cənubi Qafqaz əhalisinin 70-75 faizini təşkil edir. 20 nazirlik, 11 dövlət komitəsi, 3 dövlət şirkəti, 4 dövlət fondu, 55 siyasi partiya var", - Həsənov əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaş cəmiyyətinə əsaslanan siyasət yürüdür.

"Azərbaycanda 1200-dək qeyri-hökumət təşkilatı qeydiyyata alınıb. QHT-lər hüquq, gənclər, qadın, ayrı-ayrı sosial yönümlü, ekoloji və digər sahələrdə fəaliyyət göstərir. Azərbaycan
dövləti QHT-lərə tərəfdaş kimi baxır", - PA rəsmisi deyib.

Həsənov bildirib ki, Azərbaycan tolerant ölkədir.

PA rəsmisi deyib ki, ölkədə 4500-ə yaxın telekanal, jurnal, qəzet, internet portalları qeydiyyatdan keçib. Onların fəaliyyəti üçün Avropa standartlarına cavab verən qanunvericilik bazası yaradılıb.

"Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, burada mətbuat və informasiya nazirliyi yoxdur. Azərbaycanda gündəlik qəzetlərin sayı 50-yə yaxındır. Ölkədə regional, tematik, sahə qəzetləri də var. Azərbaycanda 1998-ci ildən sonra telekanalların fəaliyyəti lisenziyalaşdırılıb. 14 regional, 14 radio, 14 kabel, 1 peyk televiziyası fəaliyyət göstərir", - Həsənov əlavə edib.

Həsənov qeyd edib ki, Azərbaycan həm Qərb, həm də Şərqin sintez edildiyi bir ölkədir.

Xəbər lenti

Xəbər lenti