Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir M.Əliyev/
Bu günlərdə Almaniyanın nüfuzlu "Hanseatic Lichthouse" nəşriyyatında Berlində fəaliyyət göstərən Siyasət və İctimaiyyət Beynəlxalq İnstitutunun direktoru xanım Kerstin Plevenin "Qadın liderliyi - Qadınların gücü. Dünyanın ən uğurlu qadınlarından öyrənək" adlı kitabı nəşr olunub. Kitabda dünyanın 30 ölkəsindən 60-a yaxın ən uğurlu, nüfuzlu və tanınmış qadının məqalə və müsahibələri dərc olunub.
Kitabın nəşrində məqsəd şəxsi və ictimai fəaliyyətlərində uğurlar qazanmış qadınların əldə etdikləri nailiyyətlərin sirlərini öyrənmək, eləcə də onların ictimai fəaliyyətləri ilə bağlı dəyərli məsləhətlərini işıqlandırmaqdan ibarətdir.
Trend-in məlumatına görə, kitabda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisinin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müsahibəsi də dərc olunub.
Nəşrdə Mehriban xanım Əliyeva ilə birlikdə dünyanın digər siyasi və ictimai xadimləri, o cümlədən Almaniya Federativ Respublikasının federal kansleri Angela Merkel, ABŞ-ın dövlət katibi Hillari Klinton, YUNESKO-nun baş direktoru İrina Bokova və digər şəxslərin müsahibələri və onlar haqqında yazılan məqalələr dərc olunub. Azərbaycanın birinci xanımının müsahibəsində rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm layihələr, Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi və mədəni həyatında rolu, Azərbaycanın dünyada qadınlara seçki hüququ verən ilk ölkələrdən biri olması və digər mövzularla bağlı məsələlər barədə geniş məlumat verilib.
Mehriban xanım Əliyeva müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərindən bəhs edib. Birinci xanım Azərbaycanda təhsilə, o cümlədən qadınların təhsilinə mühüm əhəmiyyət verildiyini qeyd edərək, dövlət qurumlarında, elmi müəssisələrdə və özəl sektorda çalışan qadınların sayının getdikcə artdığını vurğulayıb.
Heydər Əliyev Fondunun prezidenti Azərbaycan qadınının tarixən ictimai həyatda daim fəal iştirak etdiyini bildirib. Mehriban xanım Əliyeva Xurşudbanu Natəvan, Məshəti Gəncəvi kimi tanınmış Azərbaycan qadınlarının xalqımızın mədəni irsinə böyük töhfələr verdiyini qeyd edib.
Mehriban xanım Əliyeva belə bir maraqlı faktı da dünya ictimaiyyətinin diqqətinə çatdırıb ki, XIX əsrin ortalarında görkəmli ictimai xadim və şairə Xurşudbanu Natəvanın xeyriyyəçilik fəaliyyəti nəticəsində ilk dəfə olaraq Şuşada su təchizatı sistemi qurulub, 1990-cı illərin əvvəllərinə qədər fəaliyyət göstərib və Ermənistanın işğalı zamanı dağıdılıb.
Mehriban xanım Əliyevanın müsahibəsi beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanıb.