...

Yəmən Prezidenti hakimiyyəti ona xəyanət edən keçmiş tərəfdaşlarına verməyəcəyini bildirir

Siyasət Materials 30 Sentyabr 2011 14:44 (UTC +04:00)
Yəmən Prezidenti Əli Abdullah Saleh cümə axşamı bəyanat verib ki, o, hakimiyyəti qiyamçıların tərəfinə keçən keçmiş tərəfdaşlarına verməyəcək.
Yəmən Prezidenti hakimiyyəti ona xəyanət edən keçmiş tərəfdaşlarına verməyəcəyini bildirir

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Yəmən Prezidenti Əli Abdullah Saleh cümə axşamı bəyanat verib ki, o, hakimiyyəti qiyamçıların tərəfinə keçən keçmiş tərəfdaşlarına verməyəcək, çünki bu, vətəndaş müharibəsinə gətirib çıxara bilər. Trend-in məlumatına görə, bu barədə cümə günü "əl-Ərəbiyyə" telekanalı xəbər verir.

Saleh həmçinin deyib ki, körfəz ölkələrinin Yəməndə hakimiyyətin ötürülməsi təşəbbüsü ölkədə gərginlik törədən bütün elementlərin istisnasını nəzərdə tutur.

Yəməndəki siyasi böhranın nizamlanması planı aprelin əvvəlində Fars körfəzi ərəb ölkələrinin Əməkdaşlıq Şurasına daxil olan 6 ölkə (Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, BƏƏ və Oman) tərəfindən təklif olunub. Plana görə, Saleh öz vəzifəsini sülh sazişinin imzalanmasından etibarən 30 gün müddətində tərk etməli və hakimiyyət səlahiyyətlərini onun və ailə üzvlərinin məhkəmə təqibindən qorunması müqabilində vitse-prezidentə ötürməlidir. Müxalifət tərəfindən təşkil olunmuş yeni hakimiyyət prezident və parlament seçkilərini sonrakı 60 gün ərzində keçirməlidir.

Fevral ayında Yəməndə başlanan hökumət əleyhinə kütləvi çıxışlar martın ortalarında fəallaşıb. Aksiya iştirakçıları islahat aparmaq və 33 ildən bəri ölkəni idarə edən Prezident Əli Abdullah Salehin istefasını tələb edir. Yəmən güc strukturları bu aksiyaların dağıdılması üçün silahdan istifadə edir. KİV məlumatlarına görə, xalq qiyamı ərzində ölkədə bir neçə yüz insan ölüb.

Saleh iyun ayının əvvəlində onun mənzil-qərargahının atəşə tutulması nəticəsində odlu silah və yanıq xəsarəti aldığına görə Səudiyyə Ərəbistanında müalicə və reabilitasiya kursu keçib. Sentyabrın 23-də vətəninə qayıdıb.

Xəbər lenti

Xəbər lenti