...

Polşa və Macarıstanda Azərbaycanın müstəqilliyinin 20 illiyi qeyd olunub

Siyasət Materials 6 Oktyabr 2011 17:25 (UTC +04:00)
Polşa və Macarıstanda Azərbaycanın müstəqilliyinin 20 illiyi qeyd olunub.
Polşa və Macarıstanda Azərbaycanın müstəqilliyinin 20 illiyi qeyd olunub

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir S.Ağayeva/

Polşa və Macarıstanda Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi qeyd olunub.

Azərbaycanın Polşa və Macarıstandakı səfirliklərinin təşəbbüsü ilə Polşanın Torun şəhərində Azərbaycanın müstəqilliyinə həsr olunmuş bir sıra tədbirlər keçirilib.

Azərbaycanın Polşa və Macarıstandakı səfirləri Həsən Həsənov və Vilayət Quliyev yeni tədris ilinin başlaması münasibətilə ölkənin ali təhsil müəssisələrindən birində - Nikolay Kopernik Universitetində və universitetin Humanitar elmlər fakültəsinin rəsmi açılışında iştirak edib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

Rektor Ancey Radziminski və senatın üzvləri ilə görüşdə iki ölkə ali təhsil ocaqları və elmi mərkəzlərinin elm və təhsil sahəsində əməkdaşlığı məsələləri müzakirə olunub.

Torunda yerləşən "Adam Marşalek" nəşriyyatında Azərbaycanın Polşadakı keçmiş səfiri Vilayət Quliyev tərəfindən hazırlanan və bu nəşriyyatda işıq üzü görən "Polşadakı Azərbaycan siyasi mühacirətinin irsindən" kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə elmi ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.

Nəşriyyatın direktoru Adam Marşalek, Nikolay Kopernik Universitetinin rektoru professor Ancey Radziminski, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Kopernik Universitetinin Tarix fakültəsinin dekanı, professor Roman Baker, sovet siyasi mühacirətinin tarixi üzrə tanınmış mütəxəssis, professor Emilian Vişka, Torun şəhər merinin müavini Zbiqnev Fidereviç, Litvanın Torundakı fəxri konsulu Tomas Barbikus və başqaları çıxış edərək mövzunun əhəmiyyətindən və müasir mərhələdə xalqları biri-birinə daha da yaxınlaşdırmaq üçün onların tarixlərinin müştərək məqamlarının öyrənilməsinin vacibliyindən söz açıb.

Səfir Vilayət Quliyev öz çıxışında XX əsr Azərbaycan-Polşa ictimai, siyasi və mədəni əlaqələrinin tarixindən bəhs etib, ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərin dostluq xarakterini və fakt-sənəd baxımından zənginliyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, Azərbaycan siyasi mühacirətinin doğma xalqın azadlıq və müstəqilliyi uğrunda mübarizəni məhz Polşada davam etdirməsi bu əlaqələrin ən diqqətəlayiq səhifəsi kimi dəyərləndirilib.

Universitet rəhbərliyinin xahişi ilə səfirlər Həsən Həsənov və Vilayət Quliyev bu ali məktəbin Beynəlxalq münasibətlər və sosiologiya fakültəsinin tələbələri qarşısında mühazirə ilə çıxış edib.

Mühazirədən əvvəl Azərbaycan tarixi və ölkəmizin təbii zənginlikləri haqqında sənədli film nümayiş etdirilib.

Tələbə və müəllimlər son iyirmi ildə Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edən sərgiyə tamaşa edib.

Səfirlər öz mühazirələrində ölkəmizin müstəqillik illərində qazandığı uğurlar, Dağlıq Qarabağ münaqişəsi və onun ədalətli həlli istiqamətində Azərbaycan rəhbərliyinin səyləri, Azərbaycanın xarici siyasətinin əsas prioritetləri, Azərbaycan-Polşa münasibətləri və s. məsələlərə toxunub, tələbələri maraqlandıran suallara cavab verib.

Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də qəbul etdiyi "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək, öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirib. Həmin gün tariximizə dövlət müstəqilliyinin bərpası günü kimi daxil olub.

Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, himni və gerbi dövlət atributları kimi qəbul edilib və onun yarandığı 28 may Respublika Günü kimi qeyd olunmağa başlayıb.

Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı sərəncam imzalayıb. Sərəncamda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün ölkədə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunması barədə tapşırıq verilib.

Xəbər lenti

Xəbər lenti