Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq Milli Təhlükəsizlik Nazirliyində həyata keçirilən tədbirlər davam etdirilir.
Bu münasibətlə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında elmi-praktik konfrans keçirilib.
Nazirliyin ictimai əlaqələr mərkəzindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, əvvəlcə Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri, müstəqillik illərində Milli Təhlükəsizlik Nazirliyinin mühüm dövlət təsisatı kimi formalaşmasında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin Akademiyada ucaldılmış abidəsi önünə gül dəstəsi qoyulub, xatirəsi ehtiramla yad edilib.
Sonra akt zalında davam edən konfransda Akademiyanın rəisi general-leytenant Ziya Yusif-zadə dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib və "Müstəqilliyimizə 20 ilin zirvəsindən baxış" mövzusunda geniş məruzə ilə çıxış edib.
O, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması istiqamətində əvəzsiz xidmətlərindən danışıb, ulu öndərin siyasi irsinin layiqli varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, xalqımızın maraqlarının və mənafelərinin qorunması naminə fəaliyyətini qeyd edib.
Bildirib ki, iyirmi il tarixi baxımdan qısa zaman olsa da, ötən bu müddət ərzində Azərbaycan əsrə bərabər inkişaf yolu keçib, dünya dövlətləri sırasında layiqli yer tutmağa müvəffəq olub. Ziya Yusif-zadə qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı 25 illik xidməti, sonradan Azərbaycana rəhbərlik etdiyi dövrdəki fəaliyyəti müstəqilliyimizin bərpası üçün real zəmin yaradıb, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində isə bu reallığa çevrilib.
General-leytenant Ziya Yusif-zadə Azərbaycan xalqının və dövlətinin tərəqqisini həyatının amalı sayan dahi öndərin bütün sahələrdə olduğu kimi təhlükəsizlik orqanlarında da köklü islahatlar apardığını, bu strukturun fəaliyyətinin daim zamanın nəbzinə uyğunlaşdırılmasına nail olduğunu bildirib. Ulu öndərin 12 il öncə böyük uzaqgörənliklə yaratdığı və indi onun adını daşıyan Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının inkişafına ümummilli liderin diqqət və qayğısını qeyd edən natiq, bu yolun çox da asan olmadığını vurğulayıb.
Bu gün Ali Baş Komandan İlham Əliyevin təhsilə, özəlliklə də hərbi və xüsusi təhsilə verdiyi önəm və qayğının, milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun Akademiyanın maddi-texniki bazasının və fəaliyyətinin təkmilləşdirilməsinə gündəlik diqqət və nəzarətinin nəticəsidir ki, bu xüsusi təyinatlı ali tədris müəssisəsi yüksək səviyyədə inkişaf edib, təhsil üçün bütün imkanlar yaradılıb.
Bütün bu işlərə, ümumən tək Akademiya deyil, bütövlükdə nazirlik üçün yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyevə, onun göstəriş və tövsiyələrinin qüsursuz həyata keçirilməsini təmin edən milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudova şəxsi heyətin adından minnətdarlığını bildirən general-leytenant Ziya Yusif-zadə bundan sonra da fəaliyyətdə və təlim-tədrisdə yeni-yeni nailiyyətlərə imza atılacağına söz verib.
Akademiya rəisinin 1-ci müavini general-mayor Şahin Sultanov "Heydər Əliyev müasir Azərbaycanın banisi və memarıdır" adlı məruzəsində bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəlində, mürəkkəb siyasi şəraitdə müstəqilliyimizə yönəlmiş təhdidlərin qarşısı ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə alınıb.
Ümummilli lider taleyüklü məsələlərin həllini böyük inamla öz üzərinə götürüb, qətiyyəti, cəsarəti və uzaqgörənliyi ilə Azərbaycanda ictimai-siyasi sabitliyə nail olub, dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edib. Xarici siyasətdə uğurlu addımlar atılıb, ölkənin beynəlxalq imici yüksəldilib, inamla iqtisadi islahatlar həyata keçirilib. Ulu öndər müəllifi olduğu yeni neft strategiyasını dövlət müstəqilliyimizin, suverenliyimizin qarantına çevirməyə nail olub, respublikanı iqtisadi tənəzzüldən qurtararaq sürətli inkişaf yoluna çıxarıb, Azərbaycan dünya miqyasında özünə layiqli yer tutub.
Konfransda texnika elmləri doktoru, professor, polkovnik Vaqif Qasımov "Heydər Əliyevin Azərbaycanda müasir informasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiyası", filologiya elmləri doktoru, professor, polkovnik Cəlal Qasımov "Müasir təhsil quruculuğunun ideya müəllifi", dinləyici, baş leytenant Elmin İsmayılov "Heydər Əliyev Azərbaycanda hüquqi dövlətin yaradıcısıdır" və kursant, Heydər Əliyev təqaüdçüsü Vüsal Məmmədov "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzularında çıxış ediblər. Natiqlər ümummilli lider Heydər Əliyevin zəngin və ibrətamiz fəaliyyətinin müxtəlif sahələrinə toxunub, bu ölçüyəgəlməz fəaliyyət nəticəsində qazanılmış nailiyyətlərdən danışıblar.
Bildiriblər ki, dövlətçilyimizin və əmin-amanlığımızın qarantı olan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi getdikcə daha da möhkəmlənir və milli təhlükəsizlik orqanlarının əməkdaşları bu işdə həmişə dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin ən yaxın köməkçiləri olacaqlar.