...

Milli Məclisin Sədri Avstriya Prezidenti ilə görüşüb

Siyasət Materials 13 Oktyabr 2011 08:47 (UTC +04:00)
Çərşənbə Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avstriya Respublikasının Prezidenti Haynts Fişerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat xidmətinin məlumatında bildirilir.
Milli Məclisin Sədri Avstriya Prezidenti ilə görüşüb

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Çərşənbə Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avstriya Respublikasının Prezidenti Haynts Fişerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat xidmətinin məlumatında bildirilir.

Sədr qonaqları səmimi salamlayaraq bildirdi ki, ölkələrimiz arasında təşəkkül tapmış ikitərəfli əməkdaşlıq sürətlə inkişaf edir. Münasibətlərimizin yüksək səviyyəyə çatmasında dövlət başçılarının rolu böyükdür. Spiker ATƏT-in Astana sammitində Prezident İlham Əliyevlə Ali qonağın görüşünün münasibətlərimizin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.

Bildirildi ki, siyasi, iqtisadi sahələrdə əlaqələrimiz getdikcə inkişaf etməkdədir. Bununla yanaşı, səmərəli əməkdaşlıq üçün iqtisadiyyatın müxtəlif sahələrində geniş imkanlar mövcuddur. Qeyd edildi ki, qarşılıqlı biznes-forumlar, sərgilər, iş adamlarının görüşlərinin keçirilməsi işgüzar əlaqələrin qurulması baxımından əhəmiyyətlidir. Heç də təsadüfi deyildir ki, bu gün Azərbaycanda 40-a yaxın Avstriya şirkəti fəaliyyət göstərir.

Spiker söhbətdə parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynadığını vurğuladı. Bildirildi ki, yüksək səviyyəli parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri qanunverici orqanlar arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından vacibdir. Sədr bu məqsədlə Avstriya Parlamenti Milli Şurasının Sədrini ölkəmizə rəsmi səfərə dəvət etdiyini söylədi. Qeyd edildi ki, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir.

Söhbətdə Milli Məclisin Sədri Azərbaycanın Avropa təhlükəsizlik arxitekturasına böyük töhfələr verdiyini dedi. Spiker belə bir fikri vurğuladı ki, öz həllini gözləyən Dağlıq Qarabağı problemi regionun tərəqqisinə və Avropaya inteqrasiya proseslərinə mane olmaqla yanaşı, Avropanın təhlükəsizliyini də təhdid edir. Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq. İnanırıq ki, beynəlxalq birliyin, o cümlədən Avstriyanın səyləri nəticəsində problem tezliklə öz məntiqi həllini tapacaq.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Avstriya Prezidenti Haynts Fişer ölkəmizdə keçirdiyi görüşlərdən və Azərbaycan parlamentində olmağından məmnunluğunu ifadə etdi. Ali qonaq parlamentlərin dövlətlərarası əlaqələrin inkişafında xüsusi rol oynadığını qeyd etdi. O, deputat olduğu dövrdə parlamentarizm ənənələrinin inkişafının necə böyük əhəmiyyət kəsb etdiyinin şahidi olduğunu söylədi.

Görüşdə çıxış edən Avstriya Milli Şurasının vitse-spikeri Fritz Noyqebauer Milli Məclisdə deputatlar üçün yaradılmış şəraiti yüksək dəyərləndirdi. Qonaq Avstriya parlamentinin Azərbaycanın qanunverici orqanı ilə əlaqələrin inkişafına böyük maraq göstərdiyini söylədi. Qeyd edildi ki, hər iki ölkənin deputatları nüfuzlu beynəlxalq qurumlar çərçivəsində tez-tez görüşür, maraqlı fikir mübadiləsi aparırlar.

Söhbətdə Azərbaycanda parlamentarizm ənənələrinin inkişafı və Milli Məclisin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verildi.

Görüşdə Milli Məclis Sədrinin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Kərimli, ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov, Avstriyanın ölkəmizdəki səfiri Silvia Mayer-Kaybiç və digər rəsmi şəxslər iştirak edirdilər.

Xəbər lenti

Xəbər lenti