Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Bu gün əsirlikdən azad olunmuş israilli kapral Gilad Şalit Misir telekanalına müsahibəsində bəyan edib ki, bütün fələstinli məhbusların azad olunması uğrunda mübarizə kampaniyasına başlayacaq. Çünki o, əsirlikdə keçirdiyi beş ildən mühüm dərs alıb. Trend-in məlumatına görə, xəbəri Misirin dövlət telekanalı yayıb.
Şalitin sözlərinə görə, o, çalışacaq ki, bugünkü əsirlərin mübadiləsi Fələstinlə İsrail arasında sülh danışıqlarında irəliləyişə gətirib çıxarsın.
Şalit habelə əsirlərin mübadiləsi haqqında sazişin imzalanmasında Misir tərəfinin rolunu da qeyd edib.
2006-cı ildən Fələstinin "Həmas" islamçı hərəkatının əsirliyində olan israilli kapral Gilad Şalit bu gün İsrail tərəfinə təhvil verilib. Trend-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" telekanalı İsrail televiziayasına istinadən xəbər verib.
O, Misirin "Karam Əbu Səlim" nəzarət-buraxılış məntəqəsindən İsrail HHQ-nin Tell-Nof bazasına göndərilib.
İsrail ordusunun kapralı Gilad Şalit 2006-cı il iyunun 25-də "Həmas" hərəkatına əsir düşüb. Onun azad edilməsi üçün hərəkatın üzvləri mindən artıq fələstinli məhbusun, eləcə də uzun müddətə həbsə məhkum edilmiş liderlərinin İsrail həbsxanalarından buraxılmasını tələb ediblər. "Həmas", habelə İsrail həbsxanalarından bütün fələstinli qadın və uşaqların buraxılmasını da tələb edib.
Oktyabrın 11-də "Həmas"la İsrail arasında əsirlərin dəyişdirilməsi barədə əldə olunan sazişə görəŞalitin müqabilində 1027 fələstinli azad olunacaq. Onların arasında 27 qadın var. Dustaqlar iki mərhələdə azadlığa buraxılacaqlar. Tərkibində 450 məhbuusn olduğu (onlardan 315 nəfəri ömürlük cəzaya məhkum olunub) birinci qrup Şalitin israillilərə təhvil verilməsindən sonra, digərləri isə iki aydan sonra azad olunacaqlar. Bununla yanaşı İsrail azad edilmiş 40 fələstinlini İordan çayının Qərb sahilinin və Qəzza sektorunun hüdudlarından kənara, Qərb sahilindən olan 163 nəfəri isə Qəzzaya deportasiya edir.