...

Bakı və San Dieqonun rayonları tarixdə ilk qardaşlaşmış rayonlar olub (FOTO)

Siyasət Materials 21 Oktyabr 2011 03:25 (UTC +04:00)
Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyi San Dieqo Şəhər Şurasında qeyd edilmiş və Bakının Nəsimi rayonu Kaliforniya ştatının San Dieqo şəhərinin Svitzer Haylənd (Switzer Highland) rayonu ilə qardaşlıq münasibətləri qurmuşdur.
Bakı və San Dieqonun rayonları tarixdə ilk qardaşlaşmış rayonlar olub (FOTO)

Azərbayan, Bakı, 21 oktyabr /Trend/

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyi San Dieqo Şəhər Şurasında qeyd edilmiş və Bakının Nəsimi rayonu Kaliforniya ştatının San Dieqo şəhərinin Svitzer Haylənd (Switzer Highland) rayonu ilə qardaşlıq münasibətləri qurmuşdur.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun mətbuat xidmətinin Trend-ə verdiyi məlumata əsasən, oktyabrın 18-də Kaliforniya ştatının San Dieqo Şəhər Şurasında Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyi qeyd edilmiş və Şəhər meriyası Svitzer Haylənd (Switzer Highland) rayonu ilə Bakı şəhərinin Nəsimi rayonu arasında tarixdə ilk dəfə olaraq "Qardaşlaşmış Rayonlar" münasibətlərinin qurulması haqqında qərar qəbul etmişdir.

Məlumatda Nəsimi və Svitzer Haylənd rayonları arasında "Qardaşlaşmış Rayonlar" münasibətlərinin qurulmasına dair San Dieqo şəhərinin meri Jerry Sanders və Şəhər Şurasının üzvü Todd Gloria tərəfindən şura üzvləri tərəfindən imzalanmış xüsusi bəyanat təqdim edilmişdir. Sənəddə ABŞ-ın və Azərbaycanın sözügedən rayonlarının ictimaiyyətinin bir çox sahələrdə münasibətlər qurmasına arzu və dəstəyi nəzərə alaraq, San Dieqo şəhərinin meri və Şəhər Şurası Svitzer Haylənd rayonu Nəsimi rayonu ilə "Qardaşlaşmış rayonlar" bəyan edilmiş və bu münasibətlərin hər iki rayonun icmasının yaxınlaşmasına öz töhfəsini verəcəyi qeyd olunmuşdur. Sənəd San Dieqo şəhər Şurasının meri Jerry Sanders tərəfindən Nəsimi rayonunun icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev və Nəsimi rayonundan millət vəkili seçilmiş Asim Mollazadəyə təqdim etmişdir.

Azərbaycan Respublikasının bayrağının yerləşdirildiyi Şuranın iclas zalında keçirilmiş təqdimat mərasimində San Dieqo şəhərinin meri və Şəhər Şurasının üzvləri Nəsimi və Svitzer Haylənd rayonlarının qardaşlaşmasının Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə təsadüf etdiyini və bu münasibətlə Azərbaycan nümayəndə heyətini və Azərbaycan xalqını bayram münasibətilə təbrik etmişdirlər. Azərbaycan nümayəndə heyəti ölkə müstəqilliyinin 20 illiyi ilə əlaqədar Şəhər Şurasının üzvlərinin təbrikinə və qardaşlaşma münasibətlərinin qurulmasına göstərilən dəstəyə görə Şura üzvlərinə öz minnətdarlığını bildirmişdirlər.

San Dieqo Şəhər Şurasının növbəti iclasının açılışında keçirilmiş bu mərasimdə Şuranın məsul şəxsləri, Nəsimi rayonunun İcra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, millət vəkili Asim Mollazadə, İcra hakimiyyəti başçısının müavini Anar Tağıyev, AR-in Los Ancelesdəki Baş Konsulluğunun əməkdaşları Ramil Qurbanov və Fərid Musayev, şəhərin aktivistləri, ictimai xadimləri və Svitzer Haylənd rayonunun Nəsimi rayonu ilə münasibətlərin qurulması təşəbbüskar qrupunun üzvləri də iştirak etmişdirlər.

Cənubi Kaliforniyaya səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti qardaşlaşma münasibətlərinin təşəbbüskarı olan San Dieqo Diplomatik Şurasının üzvləri, San Dieqo şəhərinin ictimai xadimləri, San Dieqo Dövlət Universitetinin rəhbər heyəti, özəl və dövlət orta məktəblərində görüşlər keçirmiş və cənab N.Məhəməliyev iki rayonun ərazisində yerləşən təhsil ocaqları arasında əməkdaşlıq imkanlarını müzakirə etmişdir.

San Dieqo Diplomatik Şurasının ofisində keçirilmiş tədbirdə iştirakçılar ABŞ-da yaşayan Azərbaycanlı arxitektor-rəssam Yavər Rzayevin rəsm əsərlərindən ibarət "Qarabağ unudulmur" sərgisi ilə tanış olmuşdurlar. Sərgidə Dağlıq Qarabağın gözəl təbiətini yağlı boya təsvir edən rəsm əsərləri iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir.
Həmçinin, Nəsimi və Svitzer Haylənd rayonları arasında münasibətlərin qurulmasının əsas təşəbbüskarı olan, ötən il bu məqsədlə Bakıya səfər etmiş Martin Kruminq tərəfindən təşkil edilmiş, o cümlədən Cavadovlar ailəsinə məxsus "Kafe 21" restoranında müstəqilliyimizin bərpasının 20 illiyinə və qardaşlaşma münasibətlərinin yaranmasına həsr edilmiş ziyafətlər keçirilmişdir. Ziyafət mərasimlərində Nəsimi rayonunun icra hakimiyyətinin başçısı N.Məhəməliyev ziyafət iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi inkişafı, ölkənin paytaxtı Bakı şəhəri və rəhbərlik etdiyi Nəsimi rayonunda aparılan abadlaşdırma işlərindən danışmışdır. O, iki rayon arasında bir çox sahələri əhatə edən bu əməkdaşlığın qurulmasının rayon və ölkə ictimaiyyəti arasında birbaşa əlaqələrin qurulmasına kömək edəcəyi və ölkələr haqqında daha yaxından məlumatların əldə edilməsinə öz töhfəsini verəcəyini qeyd etmişdir. San Dieqo şəhərinin çoxsaylı ictimai xadimləri və sakinləri ilə keçirilmiş görüşlər zamanı, icra hakimiyyətinin başçısı ölkənin müstəqilliyini bərpa etdiyi tarixdən ötən 20 il ərzində bütün sahələri əhatə edən nailiyyətləri diqqətə çatdırmış, ölkə rəhbərliyinin Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsi istiqamətində apardığı islahatlardan danışmışdır.

Səfər çərçivəsində San Dieqo Dövlət Universitetində keçirilmiş görüşlərlə yanaşı millət vəkili Asim Mollazadə Universitetin Hüquq fakültəsinin tələbələri qarşısında mühazirə ilə çıxış etmişdir. Ölkə haqqında ətraflı təqdimatla çıxışını başlayan A.Mollazadə Azərbaycanın ABŞ ilə strateji əməkdaşlıq münasibətləri, ölkənin regionda rolu və əhəmiyyəti, qonşu ölkələrlə münasibətləri, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışmışdır.
Azərbaycan nümayəndə heyətinin Cənubi Kaliforniyaya səfəri San Dieqonun yerli KİV-lərində işıqlandırılmışdır.

Xəbər lenti

Xəbər lenti