Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bu gün saat 11:00-da Azərbaycandan Van şəhərinə 3-cü təyyarə yola salınacaq.
Trend-in bazar ertəsi Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən yaydığı məlumata görə, bu təyyarə ilə müvafiq xilasetmə avadanlıqları və vasitələri ilə təmin edilmiş Fövqəladə Hallar Nazirliyinin 46 xilasedicisi və zəlzələdən zərərçəkmiş əhali üçün nəzərdə tutulmuş ilkin tələbat əşyaları göndərilir.
Dünən Bakı vaxtı ilə saat 15:41-də Türkiyənin şərqində episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı titrəyişlər Diyarbəkir, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində hiss edilib. Dağıntıların olduğu və eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir. Türkiyə mətbuatının məlumatına görə, ölənlərin sayının 1000-ə çatacağı gözlənilir.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ Azərbaycanın Naxçıvan MR-nın Sədərək, Şərur, Babək rayonlarında eləcə də Naxçıvan şəhərində 3,5-3,0 bal gücündə hiss edilib. Azərbaycan ərazisində dağıntılar yoxdur.