...

Mehriban Əliyeva: Bəşəriyyətin gələcəyi sülh mədəniyyətini formalaşdırmadan mümkün deyil (FOTO)

Siyasət Materials 26 Oktyabr 2011 18:33 (UTC +04:00)
Çərşənbə günü UNESCO-nun Parisdəki mənzil-qərargahında təşkilatın Baş Konfransının 36-cı sessiyası öz işinə başlayıb.
Mehriban Əliyeva: Bəşəriyyətin gələcəyi sülh mədəniyyətini formalaşdırmadan mümkün deyil (FOTO)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Çərşənbə günü UNESCO-nun Parisdəki mənzil-qərargahında təşkilatın Baş Konfransının 36-cı sessiyası öz işinə başlayıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, birinci xanım, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva oktyabrın 26-da UNESCO-nun Parisdəki mənzil-qərargahında təşkilatın Baş Konfransının 36-cı sessiyasında iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Sessiyada iştirak etmək üçün UNESCO-nun mənzil-qərargahına gələn Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı təşkilatın baş direktoru İrina Bokova qarşıladı.

Dünyanın 193 ölkəsindən nümayəndə heyətlərinin, bir sıra ölkələrin dövlət və hökumət başçılarının, təşkilata üzv olmayan ölkələrin müşahidəçilərinin, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirak etdiyi sessiyaya sədrlik edən Macarıstan nümayəndəsi Katalin Bodjiay gündəlikdə duran məsələlər barədə məlumat verdi. O bildirdi ki, sessiyada UNESCO-nun 2012-2013-cü illər üçün ilkin proqramı və büdcəsinin təsdiq edilməsi ilə bağlı müzakirələr aparılacaq. Bundan əlavə, dünyada dayanıqlı inkişafın, mədəniyyətlərarası dialoqun təmin olunması, zorakılığın bütün təzahürlərinin qarşısının alınması, həmçinin gender bərabərliyi, gəncliyə və Afrika qitəsinə yardımların edilməsi diqqət mərkəzində olacaq, "Təhsil hamı üçün" proqramına ən yüksək səviyyədə dəstək veriləcək.

UNESCO-nun İcraiyyə Şurasının sədri Eleonora Mitrofanova diqqəti dünyada yoxsulluğun azaldılması, savadsızlıqdan əziyyət çəkən bölgələrdə təhsil problemlərinin həllinə yönəltdi. O, dünyada gender bərabərliyinin qorunması istiqamətində UNESCO tərəfindən həyata keçirilən tədbirlərdən danışdı. Bildirdi ki, bu problemlərin həlli yollarının tapılması beynəlxalq əməkdaşlıqdan keçir. Bu baxımdan sessiyamızda aparılan dialoq və səslənən təkliflər məqsədlərimizə töhfə verə bilər.

UNESCO-nun baş direktoru İrina Bokova dünyanı narahat edən bir çox məsələlər barədə diskussiya aparmaq baxımından bu sessiyanın əhəmiyyətinə toxundu. Bildirdi ki, təhsil, elm, mədəniyyət və digər sahələrin inkişafını özünün prioriteti elan edən UNESCO qlobal çağırışlara hər zaman həssas münasibətilə seçilib və insanlar arasında həmrəyliyin əldə olunmasında bu təşkilatın qarşıya qoyduğu məqsədlər numunəvi dəyərlərə söykənir. İrina Bokova gələn il Rio-de-Janeyroda keçiriləcək beynəlxalq konfransın dünyada gedən proseslərin öyrənilməsi və bir çox problemlərin həllinə yardım edəcək iqtisadi inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdı.

Sonra sessiya çərçivəsində "UNESCO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu nədən ibarətdir?" mövzusunda Liderlər Forumu başladı. Macarıstan Prezidenti Pal Şmit, Qabon Prezidenti Əli Bonqo Ondimba, Kot-d-İvuar Prezidenti Alasana Uatara, Qrenadanın Baş naziri Tilman Tomas və Beninin Baş naziri İren Kupaki də bu Forumun əhəmiyyətinə toxunaraq dünyada mövcud problemlərin həlli baxımından onun mühüm müzakirə məkanı olduğunu bildirdilər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Liderlər Forumunda çıxış etdi.

"Bu gün keçirilən forumun mövzusu heç kəsi biganə qoya bilməz. Çünki bəşəriyyətin gələcəyi sülh mədəniyyətini formalaşdırmadan və davamlı inkişafı təmin etmədən həqiqətən mümkün deyildir. Hazırda biz olduqca mürəkkəb dünyada yaşayırıq. Bir tərəfdən, o, yeni texnologiyaların tətbiqi və müasir elmin sürətli inkişafı ilə xarakterizə olunur. Əgər əvvəllər təbii resurslar zənginliyin yeganə mənbəyi sayılırdısa, indi insanların özü müasir ideya və texnologiyaların təşəbbüskarı kimi yeni mənbə rolunu oynayırlar. Lakin təbii sərvətlərdən fərqli olaraq, insan təfəkkürü hüdudsuzdur. "İnsan kapitalı" termini artıq metafora deyildir. Təfəkkür və zənginlik bir məfhum kimi götürülə bilər", - Mehriban Əliyeva deyib.

Birinci xanımın sözlərinə görə, digər tərəfdən, dünyada dərin maliyyə böhranı yaşanır və bir çoxları bunu daha ciddi sistematik böhranın əlamətləri kimi görür.

"Hazırkı qloballaşma hamımızı qlobal dünyanın sakinlərinə çevirib. Lakin əfsuslar olsun ki, biz, eyni zamanda, heç vaxt görünməmiş dərəcədə bir-birimizdən ayrıyıq. İqtisadiyyat aləmi bunun sosial ədalət və qlobal etika kimi ideallardan nə qədər uzaq olduğunu nümayiş etdirir. Əfsuslar olsun ki, dözümsüzlük, ksenofobiya və ədavət bu bölünməni daha da dərinləşdirir", - o bildirib.

Mehriban xanım Əliyeva qeyd edib ki, dünyanın bir çox ölkələrində on milyonlarla insan irqinə, etnik köklərinə və dininə görə ayrı-seçkilik və təcrid olunmanın ağır nəticələri ilə üzləşir. Günahsız insanların həyatına son qoyan terror aktları, siyasi və dini radikalizm bizim və övladlarımızın təhlükəsizliyini sual altına çəkir.

"Müharibə və münaqişələr milyonlarla insanları məhv edərək, dünyanın müxtəlif guşələrində davam edir. Ölkəmiz - Azərbaycan üçün münaqişə və onun nəticələri sadə sözlər yox, acı həqiqətdir. On minlərlə insanın həyatına son qoymuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hər birimizin ən böyük ağrısı olaraq qalır. Bu münaqişə Azərbaycan torpaqlarının 20 faizinin işğalı və ölkədə bir milyona yaxın qaçqın və məcburi köçkünün yaranması ilə nəticələnmişdir. Böyük sayda tarixi və memarlıq abidələri, məktəblər, muzeylər və kitabxanalar işğal olunmuş Azərbaycan torpaqlarında məhv edilib. Ekspertlərin hesablamalarına görə, əgər münaqişələrin qarşısı alınmasa, onların nəticəsində XXI əsrdə 150 milyondan artıq qadın və uşaq həyatını itirə bilər. Həmin müharibələrin əksəriyyəti ədavət və dözümsüzlüyün təşviqi ilə başlanmışdır. Lakin bu mənfi təsirə baxmayaraq, mən gələcəyə nikbinliklə baxıram. Biz bu hədələri sivil dialoq vasitəsilə aradan qaldırmalıyıq.

Məhz bu, elə indi bu zalda qaldırılmış bir çox məsələləri təhlil etmək imkanını yaratmış bir qədər əvvəl Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumun məqsədini təşkil edirdi. 39 ölkənin nümayəndələrini bir araya gətirən bu forum çərçivəsində çoxmədəniyyətlilik, müasir texnologiyalar, elmlərin qovuşması, biotexnologiya və etik problemlər, iqtisadi inkişaf modelinin humanitar aspektləri, sosial media və yüksək texnologiyalar, postmodern cəmiyyətdə ənənəvi dəyərlər sistemi kimi məsələlər müzakirə olunmuşdur. Forum iştirakçıları beynəlxalq təşkilatları, o cümlədən UNESCO-nu "bəşəriyyətin müsbət inkişafının qorunması və davam etdirilməsi məqsədilə mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq üçün real çərçivəni yaratmağa" çağıran Bakı Bəyannaməsini qəbul etmişlər. Bu, sülh mədəniyyətinin qurulması üçün fundamental əhəmiyyət kəsb edir", - Mehriban Əliyeva deyib.

"Aydındır ki, yeni dünya nizamı artıq formalaşır və bu proses bir çox çətinliklərlə müşayiət olunacaqdır. İnanıram ki, qloballaşmanın humanitar aspektləri olduqca vacibdir. Bu mənada, insan sivilizasiyasının taleyi üçün məsuliyyətimizin dərk edilməsi mühüm məsələdir. Səmimi dialoq, xoş məram, üzləşdiyimiz problemlərin daha yaxşı qavranılması və qarşılıqlı anlaşma özümüz və gələcək nəsillər üçün çətinliklərin uğurla aradan qaldırılmasında lazım olacaq vasitələrdir", - Azərbaycanın birinci xanımı çıxışını tamamlayıb.

Qeyd edək ki, UNESCO-nun Baş Konfransının 36-cı sessiyasının gedişində təşkilatın növbəti beş il - 2014-2019-cu illər üçün ortamüddətli strategiyasına uyğun fəaliyyət planının hazırlanması da diqqət mərkəzindədir. Baş Konfrans Fələstinin UNESCO-ya üzv qəbul edilməsi məsələsinə də baxacaq. Noyabrın 2-də keçiriləcək Baş Konfransın xüsusi plenar iclası isə mədəni müxtəlifliklə bağlı UNESCO-nun qəbul etdiyi ümumi bəyannamənin qəbulunun 10 illiyinə həsr olunacaq.

Foto - AzərTAc

Xəbər lenti

Xəbər lenti