Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir B.Hacıyev/
Türkiyənin ədliyyə naziri Sadullah Erginin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovla görüşüb.
Ədliyyə Nazirliyi mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə, o cümlədən hüquqi sahədə uğurla inkişaf etdiyini bildirən Məmmədov Azərbaycanda həyata keçirilən ədliyyə və məhkəmə islahatları barədə məlumat verib, həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyini vurğulayıb. Nazir qardaş ölkənin ərazisində baş vermiş zəlzələ ilə əlaqədar Sadullah Erginə başsağlığı verib.
Ergin 61-ci hökumətin ədliyyə naziri kimi ilk xarici səfərini Azərbaycana etməsindən böyük məmnunluğunu ifadə edərək, regionda lider olan ölkəmizin hərtərəfli - iqtisadi, siyasi və hüquqi sahədə yüksək nailiyyətlərini, xalqlarımız arasında dostluq və qardaşlıq, əməkdaşlıq münasibətlərinin dinamik inkişafını qeyd edib, ölkə başçısı İlham Əliyevin ötən ay İzmirə səfərinin tarixi əhəmiyyətini vurğulayıb, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə xoş arzularını bildirərək, bu ərəfədə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ilə bağlı ölkəsinin sevincini bölüşüb.
Türkiyəli nazir respublikamızın məhkəmə-hüquq sistemində aparılan islahatları təqdir edərək, qazanılmış nailiyyətlərin Avropa Şurasında qabaqcıl örnək kimi qəbul olunduğunu vurğulayıb, ölkələrimizin ədliyyə orqanları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edib, bu münasibətlərin daha da dərinləşdirilməsi niyyətində olduğunu söyləyib. Ergin ölkəsində baş vermiş dəhşətli təbii fəlakət zamanı qardaş Azərbaycanın göstərdiyi fəal dəstəyə görə minnətdarlığını bildirib.
Nümayəndə heyəti nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri, habelə Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olub, qonaqlara müasir ədliyyə fəaliyyətini və iki ölkə arasında hüquqi əlaqələri əks etdirən xüsusi jurnallar təqdim edilib.
Səfər çərçivəsində Türkiyə ədliyyə nazirinin bir sıra rəsmi görüşləri, habelə ədliyyə sahəsində aparılan islahatlarla yaxından tanış olmaq üçün məhkəmələrə və penitensiar müəssisələrə baş çəkməsi nəzərdə tutulur.