...

Rusiyanı aldadan özüdür, yoxsa Ermənistan? - Mübariz Əhmədoğlu

Siyasət Materials 4 Noyabr 2011 14:05 (UTC +04:00)

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu

AES-in tikintisi müstəqil Ermənistanda xüsusilə 21-ci əsrin əvvəllərindən aktualdır. Mütəmadi olaraq Rusiya Ermənistanda AES tikintisinə maraq göstərmiş, cavabında isə Ermənistan AES-in rusiyalı mütəxəssislər tərəfindən tikiləcəyini bildirmişdir. Amma sənəd imzalamağı uzatmışdır.

Danışıqlar 2006-cı ildə Ermənistanda AES tikintisi ilə bağlı razılaşmanın imzalanmasına gətirib çıxardı. Bu zaman 1000 MVt-lıq AES tikintisinə 1 milyard dollar vəsait tələb olunurdu.

"Rosatom"-un rəhbəri Sergey Kiriyenko rəsmi Moskvanın adından AES tikintisi ilə bağlı Ermənistana vəd verdi. Lazım gələrsə, AES tikintisi üçün vəsaitin böyük bir qismini Rusiya özü qoyacaq, uran yataqlarını özü tədqiq edə biləcək, mədənlərdə tapılacaq uranı elə özü də zənginləşdirə biləcək. Lakin Ermənistan imzalanmış sənədin reallaşmasını da yubatdı. O, 2009-cu ilin ikinci yarısında Avstraliyada qeydiyyatdan keçmiş amerika şirkəti "Varley-Parsons" ilə Ermənistanda AES-in tikintisi ilə əlaqəli bütün məsələlərin idarə olunması haqqında müqavilə imzaladı.

Ermənistan AES-lə bağlı bütün səlahiyyətləri Amerika şirkətinə verdi. Bundan ötrü rəsmi Yerevan "Varley Parsons" şirkətinə 497 milyon dollar pul ödəməklə bağlı öhdəlik də götürdü.

2009-cu ildə Rusiya Ermənistanda AES tikintisi üçün öz üzərinə əlavə öhdəlik götürdü; RF Ermənistandakı AES-i Bolqarıstanda tikdiyi AES-lər tipində tikə bilər. Bu o deməkdir ki, Rusiya Ermənistanın Avropa ilə münasibətlərini nəzərə alaraq, hibrid tipli (rus və Qərb texnologiyalarının kombinasiyasından istifadə edərək) AES tikəcək.

2010-cu ilin avqustunda RF prezidenti Dmitri Medvedevin Ermənistana rəsmi dövlət səfəri zamanı imzalanan sənədlərdən biri də Ermənistandakı AES-in Rusiya tərəfindən tikilməsinə aid idi. Təxminən bir ildən sonra Fransa Prezidenti Nikola Sarkozinin Ermənistana rəsmi dövlət səfəri zamanı Ermənistan AES-in Fransa tərəfindən tikilməsinə dair müqavilə imzaladı. Bundan 17 gün keçmiş ER Prezidenti Serj Sarkisyan Moskvada rəsmi səfərdə olarkən, RF Prezidenti Medvedevlə Ermənistandakı AES-in Rusiya tərəfindən tikiləcəyini müzakirə etdi. Vaxt amilini nəzərə almasaq, AES tikintisi ilə bağlı Ermənistanın istifadə etdiyi ssenari belədir: Rusiya-ABŞ ("Varley Parsons")-Rusiya-Fransa-Rusiya.

2003-cü ildə Ermənistan iflic vəziyyətində olan AES-ini Rusiyanın maliyyə idarəçiliyinə verməklə belə manevrə əsaslı şərait yaratdı.

AES tikintisində iki məqamı da nəzərə almaq lazımdır. Birincisi, Ermənistanda AES tikiləcəksə, cəmi bir AES tikiləcək. İkincisi, Rusiyanın strateji müttəfiqi Ermənistan Qərblə manevrlərində Rusiyanın imicinə ciddi zərbə vurmaqdan çəkinmir. AES tikintisi misalında rəsmi Yerevan bu məqsədi üçün 4 milyard dollar itki ilə də razılaşır. 2006-cı ildə Rusiya AES tikmək istəyərkən 1000 MVt-lıq AES 1 milyard dollar idisə, indi 5 milyard dollara başa gəlir.

Azərbaycan Rusiyaya strateji müttəfiq kimi baxır. Hər halda, Azərbaycan strateji müttəfiqi olan Rusiyanın Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistana hansı güzəştlərə getdiyini nəzər almalıdır. Burada başqa variant mümkün deyil.

Xəbər lenti

Xəbər lenti