Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstan Prezidenti Pal Şmitt noyabrın 11-də Bakıda kçirilən Azərbaycan-Macarıstan biznes forumunda iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev biznes forumda çıxış edərək dedi:
"Bu gün Macarıstan-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür - Macarıstan Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Bu səfər, əlbəttə ki, əlaqələrimizin tarixində xüsusi yer tutacaqdır, çünki bu, birinci rəsmi səfərdir.
Mən üç il bundan əvvəl Macarıstana rəsmi səfər etmişəm və səfərin nəticələri çox uğurlu olmuşdur. Çünki o səfərdən sonra ikitərəfli əlaqələrimizin inkişafında yeni mərhələ başlanmışdır. Əminəm ki, cənab Prezident, Sizin səfəriniz, eyni zamanda, münasibətlərimizin inkişafı üçün çox əhəmiyyətli olacaqdır.
Bu gün keçirdiyimiz görüş və apardığımız danışıqlar, fikir mübadiləsi bir daha onu göstərir ki, aramızda çox səmimi münasibətlər mövcuddur. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Biz münasibətlərimizi dostluq, tərəfdaşlıq prinsipləri üzərində qurmuşuq. Əminəm ki, növbəti illərdə bu əlaqələr ancaq güclənəcəkdir. Bunu deməyə əsas verən amillər kifayət qədər çoxdur. Sizin rəsmi səfəriniz, böyük heyətlə Azərbaycana səfər etməyiniz, - bilirəm ki, Sizinlə bərabər çoxsaylı iş adamları gəlmişlər, - çox əlamətdar hadisədir. Şübhə etmirəm ki, Sizin səfəriniz əlaqələrimizin inkişafına yeni və güclü təkan verəcəkdir.
Əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Əlaqələrimiz tarixi köklər üzərində qurulmuşdur. Bu gün cənab Prezidentlə fikir mübadiləsi əsnasında bu tarixə də nəzər yetirdik. Xalqlarımız arasındakı dostluq əlaqələri böyük tarixə malikdir. Bu çox güclü tarixi zəmin ikitərəfli əlaqələrin inkişafı üçün də əhəmiyyətlidir.
Biz, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasında olan əlaqələrin inkişafına töhfələrimizi veririk. Macarıstan bütün dövrlərdə Azərbaycanın Avratlantik strukturlara inteqrasiya siyasətini dəstəkləmişdir. Bu yaxınlarda keçirilmiş Şərq tərəfdaşlığı zirvə görüşü bir daha Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün önəmli addım olmuşdur, bir daha göstərmişdir ki, bu əlaqələrin çox gözəl gələcəyi vardır.
Müxtəlif sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar vardır. Bu gün, əlbəttə ki, bu forumda daha çox iqtisadi sahədəki əməkdaşlıq haqqında söhbət açılacaqdır. Mən çox şadam ki, bu biznes forum hər iki tərəfin, hər iki ölkənin iqtisadi imkanlarını bir-birinə təqdim edəcəkdir. Buna böyük ehtiyac vardır.
Əminəm ki, iqtisadi əlaqələrimiz güclənərsə, əlbəttə, bunun bütün sahələrdəki əlaqələrə də çox müsbət təsiri olacaqdır. Biz indi statistik rəqəmlərə baxanda bəzi hallarda təəssüflənirik ki, nə üçün Macarıstan ilə Azərbaycan arasında iqtisadi əlaqələr, yəni ticarət dövriyyəsi istədiyimiz səviyyədə deyildir?! Bunun müxtəlif səbəbləri ola bilər. Hesab edirəm, ən başlıca səbəb ondan ibarətdir ki, biznes dairələri bir-birini yaxşı tanımırlar. Yəni, hər iki ölkənin iqtisadi potensialı haqqında kifayət qədər məlumat yoxdur. Bu məlumatsızlıq istər-istəməz iqtisadi sahədəki əməkdaşlığı əngəlləyir. Ona görə, hesab edirəm, bugünkü biznes forumun başlıca məqsədi ondan ibarət olmalıdır ki, hər iki ölkənin və bir halda ki, bu forum Azərbaycanda keçirilir, ilk növbədə Azərbaycanın iqtisadi imkanları təqdim edilsin. Azərbaycanda reallaşan infrastruktur və sənaye layihələri haqqında məlumat verilsin. Azərbaycanda mövcud olan qanunvericilik bazası, vergilərlə bağlı vəziyyət geniş şəkildə təqdim edilsin".
Dövlət başçısı deyib ki, Azərbaycanın iqtisadi inkişafı planlı şəkildə həyata keçirilir.
"Əlbəttə, özəl sektorun bu işlərdə çox böyük rolu vardır. Ölkəmizin ümumi daxili məhsulunda özəl sektorun payı 80 faizdən yuxarıdır. Demək olar ki, biz bu sahədə çox köklü iqtisadi islahatları artıq başa çatdırmışıq. Ancaq bununla bərabər, ölkədə reallaşan nəhəng infrastruktur layihələri, təbii ki, dövlət tərəfindən icra edilir. Bizim müxtəlif dövlət proqramlarımız, konkret icra mexanizmlərimiz vardır. Azərbaycanda, misal üçün, gələn il və ondan sonrakı illərdə görüləcək işlər haqqında konkret sənədlər və layihələr mövcuddur. Əminəm ki, Macarıstan iş adamları əgər planlarımızla tanış olsalar, Azərbaycanda daha da səmərəli şəkildə fəaliyyət göstərə bilərlər.
Təkcə keçən il Azərbaycan iqtisadiyyatına 16 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bu sərmayənin əksər hissəsi yerli - Azərbaycan sərmayəsidir. Bununla bərabər, xarici investisiyaların cəlb edilməsi üçün ölkədə ardıcıl siyasət aparılır və deyə bilərəm ki, MDB məkanında birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan qabaqcıl yerlərdədir. Son on beş il ərzində bütövlükdə Azərbaycan iqtisadiyyatına 100 milyard dollardan çox sərmayə qoyulmuşdur ki, bu da hərtərəfli iqtisadi inkişafımıza güclü təkan vermişdir.
Hazırda bizim iqtisadi siyasətlə bağlı əsas prioritet məsələlərimiz ölkə iqtisadiyyatının şaxələndirilməsidir. Energetika amilindən asılılığımızı azaltmaq, özəl sektoru inkişaf etdirmək üçün konkret tədbirlər görülür. Kiçik və orta sahibkarlığın inkişafı və stimullaşdırılması üçün də konkret proqramlar icra edilir.
Macarıstan şirkətləri Azərbaycanda müxtəlif layihələrdə investorlar kimi iştirak edə bilərlər. Biz bunu, əlbəttə ki, alqışlayırıq və alqışlayacağıq. Burada birgə müəssisələr yaradıla bilər. Azərbaycanda Macarıstan kapitalı ilə təmin edilmiş müəssisələr yaradıla bilər. Nəzərə alsaq ki, qonşu ölkələrlə iqtisadi sahədə əməkdaşlığımız çox uğurludur, bu müəssisələr həm Azərbaycanın artan bazarını təmin edə, eyni zamanda, qonşu ölkələrə də Azərbaycanda istehsal olunan məhsul ixrac edilə bilər. Yəni, həm Azərbaycan bazarı, həm qonşu ölkələrin böyük bazarları burada yaradılacaq birgə müəssisələrin işləməsi üçün yaxşı şərait yarada bilər. Qeyd etdiyim kimi, Azərbaycanda reallaşan müxtəlif infrastruktur layihələrində Macarıstan şirkətləri iştirak etməlidirlər və biz bunu alqışlayırıq. Əminəm ki, bu gün burada veriləcək məlumatlar, təqdimatlar kifayət qədər dolğun olacaqdır. Bu da Macarıstan şirkətlərinə kömək göstərə bilər.
Bununla bərabər, qeyd etməliyəm ki, Azərbaycan şirkətləri də indi xaricə sərmayələrin qoyuluşu ilə bağlı öz təşəbbüslərini irəli sürürlər. Artıq Azərbaycan şirkətləri müxtəlif ölkələrdə uğurla fəaliyyət göstərirlər. O cümlədən şirkətlərimiz Avropa qitəsində böyük investisiyaları reallaşdırırlar, ilk növbədə, energetika, turizm, infrastruktur sahələrində. Bütövlükdə iqtisadi siyasətimizin indiki mərhələdəki prioritetləri ondan ibarətdir ki, biz daha çox xarici bazarlara investisiya qoyuluşu ilə məşğul olmalıyıq. Ölkə daxilində təbii ki, inkişafımız üçün bütün lazım olan investisiya layihələri, bütün infrastruktur layihələri icra edilir. Ancaq hazırda biz siyasətimizi elə qururuq ki, həm məhsullarımızla, həm maliyyə kapitalımızla xarici ölkələrin bazarlarına çıxa bilək. Burada dövlət və özəl sektor arasındakı tərəfdaşlıq mühüm rol oynaya bilər. Biz, əlbəttə ki, bu imkanları da nəzərdən keçirməliyik" İlham Əliyev çıxışında deyib.
Prezident bildirib ki, bütövlükdə Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını göstərmişdir.
"Hətta ən ağır böhranlı illərdə - 2-3 il bundan əvvəl Azərbaycanda iqtisadi artım yenə də böyük rəqəmlərlə ölçülürdü. Bütövlükdə son 7-8 il ərzində Azərbaycanda ümumi daxili məhsul 3 dəfə, yəni 300 faiz artmışdır. Sənaye istehsalı da 3 dəfə artmışdır. Doqquz yüz mindən artıq yeni iş yerləri açılmışdır. Yoxsulluğun səviyyəsi 5 dəfə azalmışdır, dövlət büdcəsinin xərcləri isə 20 dəfə artmışdır. Yəni, bu il yenə də iqtisadi sahədə artım müşahidə olunur və ən sevindirici hal ondan ibarətdir ki, bu artım indi daha çox qeyri-neft sektorunda özünü göstərir. Qeyri-neft sektorundakı artım təxminən 9 faiz səviyyəsindədir. Kənd təsərrüfatında da artım 7 faizdən çoxdur.
Kənd təsərrüfatı məsələlərinə gəldikdə, bu barədə də biz bu gün fikir mübadiləsi apardıq. Macarıstanın bu sahədə çox zəngin təcrübəsi vardır və bu təcrübə bizim üçün də çox böyük maraq kəsb edir. Hesab edirəm ki, bu gün kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq və digər sahələr üzrə məlumatlar veriləcəkdir.
Eyni zamanda, bütövlükdə Azərbaycanın iqtisadi inkişafını xarakterizə etmək üçün enerji sektoru haqqında danışmamaq mümkün deyildir. Bu sahə bizim üçün ənənəvi olmuşdur. Azərbaycan o ölkə, o diyardır ki, dünyada sənaye üsulu ilə ilk neft məhz burada hasil edilmişdir. Dəniz yataqlarından da dünya miqyasında ilk neft Azərbaycanda hasil edilmişdir. Yəni, Azərbaycan qədim neft ölkəsi kimi bütün dünyaya bəllidir və dünyada məşhurdur. İkinci Dünya müharibəsində Azərbaycan Sovet İttifaqının yanacağının 70-80 faizini vermişdir və faşizm üzərində Qələbədə Azərbaycan neftçilərinin müstəsna rolu olmuşdur. Hazırda neftimiz dünya və o cümlədən, Avropa bazarlarına ixrac edilir. Bəzi Avropa ölkələrinin enerji balansında Azərbaycan nefti 25-30 faiz təşkil edir. Yəni, biz tərəfdaşlarımızın enerji təhlükəsizliyinə töhfəmizi veririk.
Hazırda isə Azərbaycan dünyada qaz ölkəsi kimi də özünü təqdim etməyə başlamışdır və bu sahədə potensial kifayət qədər böyükdür. Azərbaycanda aşkar edilmiş nəhəng qaz yataqları imkan verəcəkdir ki, bundan sonra ən azı 100 il ərzində özümüzü və tərəfdaşlarımızı qazla təmin edə bilək. Bizim kifayət qədər geniş nəqliyyat şəbəkəmiz vardır. Yeddi neft-qaz kəmərimiz fəaliyyət göstərir ki, resurslarımızı müxtəlif istiqamətlər üzrə dünya bazarlarına çıxarır. Bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub" qaz dəhlizi üzrə imzalanmış Bəyannamə Avropa ilə Azərbaycan arasındakı əlaqələrin inkişafına da çox müsbət təsir göstərmişdir. Əminəm ki, növbəti illərdə Azərbaycan qaz sahəsində Macarıstanla və digər Avropa ölkələri ilə səmərəli əməkdaşlıq qura biləcəkdir" İlham Əliyev biznes forumda çıxışı zamanı söyləyib.
Macarıstan Prezidenti Pal Şmitt çıxışında deyib ki, Qafqazda vəziyyətin sabit olması çox mühüm əhəmiyyət kəsb edir və Azərbaycan bu regionun mühüm ölkəsidir.
"Azərbaycan bizim üçün strateji tərəfdaşdır, münasibətlərimizdə heç bir problem yoxdur. Münasibətlərimizdə, əlaqələrimizdə onları əngəlləyən hər hansı bir meyar mövcud deyildir. Biz hesab edirik ki, məqsədimiz məhz müxtəlif sahələrdə əməkdaşlıq etməkdir. Biz olduqca maraqlıyıq ki, iki tərəf arasında birbaşa əməkdaşlıq aparılsın, ticarət palatalarımız əməkdaşlıq etsin və hər iki tərəfin birbaşa imkanları olsun. Biz mütləq bunun üçün şərait yaratmalıyıq.
Bu yaxınlarda Azərbaycan-Macarıstan iqtisadi münasibətlərində müəyyən tənəzzül müşahidə olunurdu. Lakin biz bunu dəyişməliyik. Hesab edirik ki, Azərbaycanın müvafiq nazirlikləri və Macarıstanın dövlət qurumları iqtisadi sahədə lazımi qanunverici bazanı yaradıblar və əslində, bu, bizim bu sahədəki münasibətlərimizi daha da gücləndirməlidir. Eyni zamanda, sərmayələrin qorunması və ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlər artıq qüvvəyə minir. Bizim dövlətlərin hökumətlərarası sazişləri də artıq işləyir. Bu gün səfər çərçivəsində Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və vergilər sahəsində sazişlər imzalanmışdır.
Qeyd etmək istərdim ki, əgər öncə biz sadəcə bir-birimizi salamlayırdıqsa, hazırda mətbuat qarşısında dəfələrlə bir-birimizi salamladıq. Lakin bu fəaliyyət, bu işlər onun üçün lazımdır ki, biz bir-birimizə olan etimadı daha da gücləndirək. Əvvəlcə hər hansı bir razılaşma üçün bir-birimizi salamlamaq lazım idi. Lakin indi isə müqavilə üçün əlavə əsaslar tələb olunur - bank razılaşmaları və s. Lakin mən qeyd etmək istəyirəm ki, iradə olan yerdə biz aramızda birbaşa əlaqələrin qurulması üçün daha yaxşı şəraitləri qazanırıq.
Qeyd etmək istəyirəm ki, əgər 2010-cu ildə bizdə 10 milyon dollar həcmində ticarət dövriyyəsi var idisə, 2011-ci ildə bu rəqəm 78 milyona çatmışdır. Bu da böyük bir tərəqqidir. Hesab edirəm ki, bu sahədə münasibətlərimizin gücləndirilməsi üçün imkanlar vardır. Məhz bu məqsədlə biz bugünkü tədbiri təşkil etmişik. Hesab edirik ki, hər iki ölkənin işgüzar dairələri arasında birbaşa təmaslar olacaqdır. Burada əyləşən şəxslərlə birbaşa təmas o deməkdir ki, hər iki tərəfin maraqlarına cavab verən sazişlər imzalanacaqdır" Macarıstan Prezidenti deyib.
Pal Şmitt bəyan edib ki, Azərbaycanda infrastruktur sahəsində aparılan böyük işlər bizdə dərin iftixar hissi yaradır və bu, bizim Azərbaycana, Sizin ölkənizə xüsusi münasibətimizin mənbəyidir.
"Biz bilirik ki, Azərbaycan beynəlxalq sahədə özünəməxsus yer tutur. Macarıstan Respublikası bu yaxınlarda ticarət evi yaratmaq fikrindədir. Hesab edirəm ki, bu da ikitərəfli münasibətlərin sonrakı inkişafı üçün yaxşı zəmin yaradacaqdır. Biz, eyni zamanda, arzu edərdik ki, gələcəkdə Budapeştdə Azərbaycanın da ticarət evi açılsın.
Hörmətli xanımlar və cənablar, biz Azərbaycanın məhz qeyri-neft sektorunda həyata keçirdiyi layihələrə xüsusi diqqətlə yanaşırıq. Biz bilirik ki, enerji mənbələrinin işlənilməsi, onların hasilatı daimi deyildir və Azərbaycanın rəhbərliyi bunu anlayır və görür. Bizim üçün həmin perspektiv məqsədlərə yönəlmiş layihələrin həyata keçirilməsində iştirak etmək çox vacib olardı. Məhz Macarıstanın şirkətləri nou-hau hesabına böyük dəyişikliklərə nail olmuşdur. Gələn illər ərzində bizdə maşınqayırma, elektronika, biotexnologiyalar, informasiya texnologiyaları, logistika məsələlərinə xüsusi diqqət yetiriləcəkdir və xidmət sahəsi də diqqət mərkəzində olacaqdır. Bu forumdan sonra Azərbaycan tərəfdaşları macar firmalarının konkret təklifləri ilə tanış olacaqlar. Ola bilsin ki, onlar öz aralarında müəyyən sazişlərə də nail olacaqlar.
Hörmətli cənab Prezident, icazə verin, bir məsələni qeyd edim. Biz bu gün artıq bir sazişə nail olduq. Nahar zamanı mən 27 il ərzində Beynəlxalq Olimpiya Komitəsində işlədiyimi söylədim. Mən bilirəm ki, Siz də öz ölkənizin Olimpiya Komitəsinin rəhbərisiniz. Mən artıq öz istəyimə nail oldum. Biz bu sahədə əməkdaşlıq barədə razılaşma əldə etdik" Macarıstan Prezident bildirib.