...

Əli Həsənov: Dağlıq Qarabağ probleminin həllinə yardımçı ola biləcək hər bir vasitə məqbul sayılmalıdır

Siyasət Materials 15 Noyabr 2011 17:29 (UTC +04:00)
Rəsmi Bakı Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün təşkilini məqbul sayır.
Əli Həsənov: Dağlıq Qarabağ probleminin həllinə yardımçı ola biləcək hər bir vasitə məqbul sayılmalıdır

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir E.Hüseynli/

Rəsmi Bakı Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün təşkilini məqbul sayır.

"Dağlıq Qarabağ probleminin həllinə yardımçı ola biləcək hər bir vasitə, o cümlədən Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşü məqbul sayılmalıdır və alqışlanmalıdır. İstənilən fəaliyyət sonda Dağlıq Qarabağ probleminin həllini yaxınlaşdırırsa, onun sülh yolu ilə həllinə şərait yaradırsa, onu dəstəkləmək lazımdır", bunu çərşənbə axşamı Trend-ə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Noyabrın 28-də Almaniyanın paytaxtı Berlində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü nəzərdə tutulub. Trend-in məlumatına görə, bunu ötən həftə Konstitusiya Gününə həsr olunmuş konfransda "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin üzvü, millət vəkili Rövşən Rzayev bildirib.

Həsənov deyib ki, hər iki icmanın müzakirələr aparması xalq diplomatiyasıdır.

"İcmaların görüşü və ya iki ölkəni təmsil edən ziyalıların görüşü Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində bir vasitədir. İstənilən addım Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə təkan verirsə, bunu alqışlamaq lazımdır", - Həsənov əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti