...

Azərbaycançılıq bizi gələcəyə doğru aparan yoldur - deputat

Siyasət Materials 16 Noyabr 2011 17:17 (UTC +04:00)
Azərbaycançılıq bu gün hər birimiz üçün həyat mərkəzidir, bizim inam yerimizdir, bizi gələcəyə doğru aparan bir yoldur.
Azərbaycançılıq bizi gələcəyə doğru aparan yoldur - deputat

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycançılıq bu gün hər birimiz üçün həyat mərkəzidir, bizim inam yerimizdir, bizi gələcəyə doğru aparan bir yoldur. Bunu Trend-ə çərşənbə günü millət vəkili, politoloq Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, azərbaycançılıq ideologiyasının kökləri dərindir və bu, regionda Azərbaycan xalqının formalaşdığı bir dövrdən başlayır.

"Azərbaycançılıq təkcə bu torpaqla, xalqla, onun mədəniyyəti, tarixi ilə bağlılığı olmayaraq, dünyada müasir və inkişafa xidmət edən cəhətlərin birləşməsi deməkdir", - Mirzəzadə deyib.

Prezident Administrasiyası Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin "Bakinskiy raboçiy" qəzetində müsahibəsi dərc olunub. Müsahibədə Azərbaycançılıq ideologiyasının keçdiyi tarixi yol, təşəkkül prosesi geniş təhlil olunub.

Mirzəzadənin sözlərinə görə, azərbaycançılıq həmişə cəmiyyətdə aparıcı ideologiya olub.

"Dövlətimiz əlimizdən alınıb, sıxışdırılıb, başqa dövlətlər bizim torpağı işğal ediblər, ancaq bununla belə məhz azərbaycançılıq Azərbaycan xalqını xilas edib və onun inkişafına, öz yerini tutmasına kömək edib", - o deyib.

Millət vəkili vurğulayıb ki, azərbaycançılıq konkret bir ideologiya, praktikadır. "Bu sadəcə bir nəzəriyyə deyil, eyni zamanda, həyatla sıx bağlıdır, onun daşıyıcıları, aparıcı qüvvələri, düşünən beyinləri olub", - o qeyd edib.

Mirzəzadə deyib ki, tarixən hər zaman Azərbaycan xalqı öz layiqli övladları ilə bu dünyada özünə layiqli olan yeri tuta bilib. "Akademik Ramiz Mehdiyevin "Bakinskiy raboçiy" qəzetinə müsahibəsində həmin dövrün tarixi şəxsiyyətləri çox düzgün göstərilib.Ən əsası azərbaycançılıq müasir dövrdə də müstəqil, güclü Azərbaycan dövlətini qurmağa kömək edir. Azərbaycançılıq bir xalqın ideologiyası, bir dil daşıyıcılarının ideologiyası deyil, müasirliyin, müasir dövlətin ideologiyasıdır. Bu gün milliyətindən, dinindən, siyasi dünya görünüşündən asılı olmayaraq, Azərbaycan dövlətində yaşayan nə qədər insan varsa azərbaycançılığın formalaşmasında iştirak edirlər, onun yaşamasına dəstək verirlər", - millət vəkili deyib.

Onun sözlərinə görə, azərbaycançılıq Azərbaycan dövlətinin tarixi, mədəniyyəti ilə bugünkü müasir təfəkkürün, inkişaf ideyalarının birləşməsi deməkdir.

"Bu ideyanın yaşamasına kömək edən isə şübhəsiz ki, Azərbaycan xalqının layiqli övladları olub. Konkret olaraq Heydər Əliyev şəxsiyyətinin azərbaycançılığın yaranmasında və bugünkü müasir forma almasında böyük zəhməti olub. O, təkcə nəzəriyyəçi deyil, praktik olub. O, dövrün problemlərini həll etməklə yanaşı, Azərbaycan xalqının gələcək yolunun müəyyənləşməsində böyük xidmətləri olub", - Mirzəzadə bildirib.

Millət vəkili vurğulayıb ki, Heydər Əliyev öz dövründə böyük bir məktəb yaradıb və bu məktəbi keçənlər öz xalqına, dövlətinə sədaqətlə xidmət edirlər. "Bu məktəbin ən böyük parlaq yetirməsi Prezident İlham Əliyevdir. Onun fəaliyyəti bu gün Azərbaycan dövlətinin müasir formada qurulmasına, beynəlxalq birlikdə Azərbaycanın layiqli yer tutmasına xidmət edir", - o deyib.

Xəbər lenti

Xəbər lenti