...

İlham Əliyev AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təməlqoyma mərasimində iştirak edib (FOTO)

Siyasət Materials 28 Noyabr 2011 13:56 (UTC +04:00)
Noyabrın 28-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının təməlqoyma mərasimi olub
İlham Əliyev AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təməlqoyma mərasimində iştirak edib (FOTO)

Noyabrın 28-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının təməlqoyma mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı kitabxananın eskiz layihəsi ilə tanış oldu.

AMEA-nın prezidenti Mahmud Kərimov və layihənin icraçısı "Azəraqrartikinti" Səhmdar Cəmiyyətinin sədri Ağalar Vəliyev məlumat verdilər ki, kitabxana üçün 0,9 hektar torpaq sahəsi ayrılmışdır. Binanın ümumi tikinti sahəsi isə 24 min 180 kvadratmetrdir.

Bildirildi ki, kitabxanada yaradılacaq qapalı və xüsusi şəraitli fondlar 3 milyon 500 min nüsxə ədəbiyyatın saxlanılması üçün nəzərdə tutulmuşdur. Fondlar xüsusi havalandırma sistemləri ilə təchiz olunacaqdır. Açıq kitab fondları isə mərtəbələr üzrə mövzulara uyğun yerləşdiriləcək və burada ümumilikdə bir milyonadək nüsxənin saxlanılması mümkün olacaq. Kitabxananın oxu zalları eyni vaxtda 700-dək oxucuya xidmət göstərəcək.

Abunə xidməti eyni vaxtda 80 oxucuya hesablanmışdır. Birinci mərtəbədə muzey, gözləmə zalları və kafeteriya olacaqdır. Kitabxanada xüsusi bərpa, cildləmə və surətçıxarma emalatxanaları da fəaliyyət göstərəcəkdir. Burada elektron axtarış, ekspress abunə və sifarişlər, fotolaboratoriya, minimətbəə, kitab və sənədlərin çeşidlənməsi və dəstləşdirilməsi otaqları, kartoteka, arxiv yerləşəcəkdir. Kitabxananın ikinci mərtəbəsində isə kitab satışı mərkəzi, üç oxu zalı, server və istirahət otaqları nəzərdə tutulmuşdur. Digər mərtəbələrdə də konfrans, dissertasiya, elektron nəşrlər və oxu zalları istifadəçilərin ixtiyarına veriləcəkdir.
Dövlətimizin başçısına məlumat verildi ki, kitabxanada, həmçinin elmi-texniki sənədlər, elektron daşıyıcılar, mübadilə, çertyojlar, xəritələr, film və mikrofilm fondları da yaradılacaqdır. Bundan əlavə, kitabxanada beynəlxalq mübadilə, dəstləşdirmə, elmi-informasiya, elmi-biblioqrafiya, kitabxanaçılıq və informasiya, yüksək informasiya və kommunikasiya şöbələri fəaliyyət göstərəcəkdir. Şöbələrin nəzdində isə dəqiq, humanitar və ictimai elmlər, siyasi, biblioqrafiya, akademiklər, neft kimyası, azərbaycanşünaslıq mərkəzi, elektron kataloq tərtibatı, nadir və qiymətli nəşrlər, incəsənət, xəritə və çertyojlar, təbiət və texniki elmlər, ictimai və humanitar bölmələri də fəaliyyət göstərəcəkdir. Burada, həmçinin linqvistik mərkəz də yaradılacaqdır. Binada 10 müasir lift, birinci və ikinci mərtəbələrin arasında isə eskalator quraşdırılacaqdır. Kitabxananın 2013-cü ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev metal gilizi bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunu işə saldı.

Dövlətimizin başçısı mərkəzin tikintisinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti