...

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İtaliyaya və Vatikana səfəri yerli mətbuatda geniş işıqlandırılıb

Siyasət Materials 5 Dekabr 2011 18:58 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın İtaliyaya və Vatikana səfəri yerli mətbuatda geniş işıqlandırılıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İtaliyaya və Vatikana səfəri yerli mətbuatda geniş işıqlandırılıb

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın İtaliyaya və Vatikana səfəri yerli mətbuatda geniş işıqlandırılıb.

"Cronaca di Roma" qəzetinin 2 dekabr tarixli nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İtaliyaya səfəri və ölkənin Baş nazirinin xanımı Elza Monti ilə görüşü barədə məqalə dərc olunub.

Məqalədə qeyd olunur ki, ölkəsinin müstəqilliyinin bərpasının 20-ci ildönümünün təbliği məqsədi ilə İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Elza Monti ilə görüşüb, təhsil sahəsində əhəmiyyətli danışıqlar aparıb.

Qəzet dekabrın 2-də axşam Romanın opera binasında keçiriləcək tədbirlə də bağlı məlumat verib, onun maraqlı proqramla yaddaşlarda uzun müddət qalacağını vurğulayıb.

Ölkənin ən çox izlənən roma.repubblica.it saytında isə Azərbaycanın birinci xanımının İtaliya və Vatikana səfəri ilə bağlı xülasə yerləşdirilib. Xülasədə Mehriban xanım Əliyevanın İtaliya Prezidenti Ciorcio Napolitano, kardinal Can-Franko Ravasi və İtaliya Baş nazirinin xanımı Elza Monti ilə görüşləri və aparılan danışıqlar barədə ətraflı məlumat verilib.

Romanın Opera Teatrında Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir də ölkənin "Tutta Roma" qəzetində ətraflı işıqlandırılıb. Məqalədə Azərbaycan mədəniyyətinin kiçik bir parçasının Roma ictimaiyyətində doğurduğu təəssürat öz əksini tapıb. Yazıda, həmçinin Mehriban xanım Əliyevanın çıxışının xülasəsi də verilib. Qeyd olunub ki, tədbir İtaliyanın görkəmli insanlarının diqqətini cəlb edib. Ölkənin məşhurlarının da iştirak etdiyi mədəni tədbir böyük maraq yaradıb.

Xəbər lenti

Xəbər lenti