...

Əfqanıstan Azərbaycan investisiyaları üçün açıqdır - Prezidentin mətbuat katibi

Siyasət Materials 6 Dekabr 2011 15:07 (UTC +04:00)
Rəsmi Kabil Azərbaycanın Əfqanıstana dair təşəbbüslərini alqışlayır, Azərbaycan investisiyaları üçün açıqdır və bu sahədə əməkdaşlığa hazırdır.
Əfqanıstan Azərbaycan investisiyaları üçün açıqdır - Prezidentin mətbuat katibi

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir D.Xatınoğlu/

Rəsmi Kabil Azərbaycanın Əfqanıstana dair təşəbbüslərini alqışlayır, Azərbaycan investisiyaları üçün açıqdır və bu sahədə əməkdaşlığa hazırdır. Bu barədə çərşənbə axşamı Trend-ə Əfqanıstan Prezidentinin mətbuat katibi Siyamək Həravi deyib.

"Azərbaycan son illərdə Əfqanıstanda sabitliyin bərqərar edilməsi prosesinə və ölkənin infrastrukturunun inkişafına vacib töhfə verib. Biz regionda nüfuza malik ölkənizlə əməkdaşlığa böyük önəm veririk", - Həravi qeyd edib.

"Azərbaycan Əfqanıstana investisiya qoyuluşlarını artırmağa hazırdır və iqtisadiyyat bu ölkədə sülh və əmin-amanlığa nail olunmasında vacib amildir", - Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi Bonnda keçirilən Əfqanıstana dair forumda deyib

Məmmədyarovun sözlərinə görə, Azərbaycan ilk günlərdən Əfqanıstana hər cür dəstək göstərir. Bu dəstək ISAF və NATO çərçivəsində əməkdaşlıqla məhdudlaşmır. Kabil üçün humanitar yüklərin 35 faizi Azərbaycanın hava və quru məkanından tranzitlə keçir.

Məmmədyarov onu da əlavə edib ki, minaların zərərsizləşdirilməsi üzrə əfqan mütəxəssislər Bakıda təlim keçirlər və Azərbaycan Əfqanıstanı polis və diplomatların hazırlanması sahəsində dəstəkləməyə hazırdır.

Həravinin sözlərinə görə, Əfqanıstan hökuməti infrastrukturun inkişafı, xüsusilə enerji, tikinti və yolların salınması üzrə sahələrdə prioritet planlar hazırlayıb. "Azərbaycan bu sahələrə investisiya qoya bilər və biz ona üstünlük verməyə hazırıq", - Prezidentin mətbuat katibi bildirib.

O, əməkdaşlığın daha bir sahəsi kimi Əfqanıstan üçün zabitlərin və diplomatların hazırlığını göstərib.

Xəbər lenti

Xəbər lenti