Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan müdafiə sənayesinin istehsal etdiyi məmulatların ərəb ölkələrinin bazarlarına çıxarılması müzakirə olunub.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 12-14-də Küveytdə keçirilən "Körfəz Müdafiə və Aerospeys" sərgisində iştirakı zamanı nazir Yavər Camalovun Küveytin Müdafiə Nazirliyinin və digər güc qurumlarının rəsmiləri ilə görüşü keçirilib.
Keçirilən görüşlərdə Azərbaycan müdafiə sənayesinin istehsal etdiyi məmulatların Küveytin və digər ərəb ölkələrinin bazarlarına çıxarılması haqqında danışıqlar aparılıb və hərbi təyinatlı məmulatlar üzrə gələcək tenderlərə Müdafiə Sənayesi Nazirliyinin dəvət edilməsinə dair razılıq əldə olunub.
Üç gün davam edən sərgidə Müdafiə Sənayesi Nazirliyi 97 adda müdafiə təyinatlı məmulat nümayiş etdirib.
Nümayiş etdirilən atıcı silahlar, döyüş sursatları və digər məmulatlar sərgiyə qatılan ölkələrin nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.
ABŞ, İngiltərə, Fransa, Almaniya, Kanada və digər ölkələrin mütəxəssisləri Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məmulatları yüksək qiymətləndiriblər.