Azərbaycan, Bakı, 21 dekabr /Trend/
Azərbaycanın millət katibi Fransa, Türkiyə və Azərbaycan vətəndaş cəmiyyəti institutlarını, hüquq müdafiəçilərini və QHT nümayəndələrini "erməni soyqırımı" iddialarını inkara görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun Fransa Senatında qəbuluna etiraz etməyə çağırır. Trend-in məlumatına görə, bu sözləri millət vəkili Azay Quliyev Fransa parlamentinin "erməni soyqırımı" iddialarını inkara görə cinayət məsuliyyəti müəyyənləşdirən qanun qəbul etməsinə münasibət bildirərkən deyib.
"Prezident Nikola Sarkozinin də dəstəklədiyi və Fransa parlamentinin aşağı palatası tərəfindən qəbul edilən uydurma soyqırımı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun özünün absurdluğu ilə Ginnesin rekordlar kitabına düşə bilər. Çünki qanun vətəndaşı heç vaxt şahidi olmadığı və ya doğruluğu sübut olunmayan bir faktı inkar etdiyinə görə 1 il azadlıqdan mərhum etmə və ya 45 min avro məbləğində cərimə cəzasına məhkum edir. Bu, Fransa demokratiyası və parlamentarizmi üçün çox böyük rəzalət və biabırçılıqdır. Bu qanun tarixi gerçəkliyə və hüquq qaydalarına zidd olmaqla yanaşı, Fransa vətəndaşlarının söz və fikir azadlıqlarına qarşı yönəlmiş bir təhdiddir", - Quliyev bildirib.
Millət vəkili Fransanın erməniləri keçici də olsa məmnun etmək naminə bölgənin güclü dövləti olan Türkiyə ilə münasibətlərini əsassız iddialara görə korlamasını ağılsız və düşünülməmiş addım olduğunu bildirdi. "Bu, təkcə Fransa-Tükiyə münasibətlərinin pozulmasına deyil, eyni zamanda, Azərbaycan-Fransa əlaqələrinə də çox mənfi təsir edən ciddi səbəbdir. Fransanın Ermənistana göstərdiyi birtərəfli dəstək onun ATƏT-in Minsk qrupunda həmsədr ölkə olması statusuna da kölgə salır və obyektiv və tərəfsiz vasitəçi olmaq mandatını heçə endirir. Ümid edirəm ki, Fransa Senatı özündə güc taparaq müzakirəyə təqdim olunan qanun layihəsinə rədd cavabı verməklə beynəlxalq dəyərlərə sədaqətini bir daha nümayiş etdirəcək, ölkədə söz və ifadə azadlığının məhdudlaşdırılmasına imkan verməyəcək", - o bildirib.
Sonda Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Fransa, Türkiyə və Azərbaycan vətəndaş cəmiyyəti institutlarını, hüquq müdafiəçilərini və QHT nümayəndələrini bu qanunun Senatda qəbuluna etiraz etməyə və insan hüquq və azadlıqları naminə həmrəylik nümayiş etdirməyə çağırıb.
Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.
Yeni qanun layihəsi UMP-nin 40 deputatı və Yeni Mərkəz Partiyası tərəfindən imzalanıb və qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilə qədər azadlıqdan məhrum etmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.
Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.