...

"Daily Times"da Azərbaycan Prezidentinin fəaliyyətinə həsr olunmuş məqalə dərc edilib

Siyasət Materials 23 Dekabr 2011 15:28 (UTC +04:00)
"Daily Times"da Azərbaycan Prezidentinin fəaliyyətinə həsr olunmuş məqalə dərc edilib.
"Daily Times"da Azərbaycan Prezidentinin fəaliyyətinə həsr olunmuş məqalə dərc edilib

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

Pakistanın aparıcı və ən nüfuzlu ingilisdilli qəzeti olan "Daily Times"ın bu günkü buraxılışında tanınmış jurnalist, qəzetin İslamabad ofisinin rəhbəri, Dure Nəcəf Zaidinin Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə həsr edilmiş "Ilham Əliyev: Məqsədimiz qara qızılı insan qızılına çevirməkdir" adlı məqaləsi dərc edilib.

Trend-in cümə günü Azərbaycanın Pakistandakı səfirliyinə istinadən verdiyi məlumata görə, məqalədə İlham Əliyevin dinamik və praqmatik dövlət rəhbəri olduğu, müasir siyasət və iqtisadiyyatı yaxından bildiyi qeyd edilib.

Jurnalist İlham Əliyevin Moskva Dövlət Universitetində təhsil aldığı, sonralar orada çalışdığını vurğulayıb və bir neçə Avropa dilində sərbəst danışdığını bildirilib.

Dure Zaidi Prezident İlham Əliyevin siyasi karyerasına nəzər salaraq, onun 1995-ci ildə parlamentin deputatı seçildiyini və Avropa Şurasında Azərbaycan nümayəndə heyətinə başçılıq etdiyini geyd edib.

"Daily Times"ın jurnalisti 1994-ci ildə Xəzərin neft ehtiyatlarının istismarına dair "Əsrin müqaviləsi"nin imzalandığını qeyd edib, bu sazişi ölkənin intibah dövrünün başlanğıc nöqtəsi kimi qiymətləndirib.

Yazıda İlham Əliyevin 2003-ci ildə 77 faiz və 2008-ci ildə 87 faiz səs çoxluğu ilə Azərbaycan Prezidenti seçildiyi vurğulanıb.

Yazar ölkəmizin qısa bir zamanda əldə etdiyi iqtisadi uğurlardan, enerji strategiyasından, inşa edilmiş neft və qaz kəmərlərindən, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizindən söz açmaqla yanaşı, Azərbaycanın Türkiyədə, Gürcüstanda, Moldovada, Yaxın Şərqdə, Şərqi Avropadakı yatırımlarından geniş məlumatlar verib.

Zaidi neft gəlirlərinin Dövlət Neft Fondunda cəmləşdiyini və qeyri-neft sektorunun inkişafına yönəldildiyini bildirib, ölkə Prezidentinin informasiya texnologiyaları, kənd təsərrüfatı və turizmin inkişafına da böyük önəm verdiyini oxucuların nəzərinə çatdırıb.

Məqalədə mədəniyyətin inkişafı yolunda aparılan işlərdən söz açılıb, muğamın təbliği və "Eurovision"da ölkəmizin birinci yerə çıxması xüsusi vurğulanıb.

İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsini tutduğunu bildirən jurnalist Pekin Olimpiya və Paralimpiya Oyunlarında əldə edilmiş nəticələrdən, bu il ölkəmizdə keçiriləcək U-17 qadınlar arasında futbol üzrə dünya çempionatından söz açıb.

Prezident İlham Əliyevin Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışından sitat gətirən Dure Zaidi ölkə Prezidentinin sosial proqramlara yönəltdiyi diqqətdən, pensiya islahatlarından, açılmış yeni iş yerlərindən məlumat verib, təhsilə ayrılan qayğıdan söz açaraq, yüzlərlə istedadlı tələbənin hökumətin hesabına Avropa və Amerikanın ən qabaqcıl universitetlərində təhsil aldığını vurğulayıb.

"Daily Times"ın jurnalisti Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda apardığı genişmiqyaslı işlərdən söz açaraq, Azərbaycan Ordusunun Cənubi Qafqazda ən qüdrətli ordulardan biri olduğunu bildirib, lakin ölkə rəhbərinin humanist prinsipləri əldə tutaraq, bu məsələni sülh yolu ilə həll etmək əzmində olduğunu vurğulayıb.

Yazıda cari ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini ölkə Prezidentinin apardığı xarici siyasətin kulminasiya nöqtəsi adlandırılıb.

Məqalədə Prezident İlham Əliyevin İslam dəyərlərinin inkişafı yolunda apardığı işlərdən söz açılaraq, yüzlərlə inşa edilmiş məscidlərin, bərpa olunmuş ziyarətgahların buna əyani sübut olduğu vurğulanıb.

Müəllif "British Populis" şirkətinin apardığı sorğunun nəticələrini oxucuların nəzərinə çatdırıb və həmin sorğuya görə, respondentlərin 95 faizinin Prezidentə inandığını, 96 faizinin isə onun fəaliyyətindən razı qaldığını vurğulayıb.

"Daily Times"ın jurnalisti Pakistan-Azərbaycan münasibətlərinə xüsusi yer ayırıb, hər iki ölkənin, müvafiq olaraq, Kəşmir və Dağlığ Qarabağ məsələlərində verdiyi qarşılıqlı dəstəkdən, habelə beynəlxalq arenada əməkdaşlıqdan söz açıb.

Məqalədə Pakistanın çətin günlərində Azərbaycanın daim onun yanında olduğu bildirilib, 2005, 2010 və 2011-ci illərdə təbii fəlakətlər zamanı Prezident İlham Əliyevin etdiyi humanitar yardımlarla bağlı oxuculara məlumat verilib.

Jurnalist Heydər Əliyev Fondunun fəaliyyəti haqqında oxuculara bilgilər verərək, Fondun Azərbaycanın ümummilli liderinin ölkənin tərəqqisi ideyalarını həyata keçirtmək məqsədi ilə genişmiqyaslı layihələr reallaşdırdığını qeyd edib.

Dure Nəcəf Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Kəşmirdə zəlzələ vaxtı dağılmış məktəbin yerində yeni qızlar məktəbinin inşasının Pakistan xalqı tərəfindən rəğbətlə qarşılandığını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti