Azərbaycan, Bakı, 29 dekabr / Trend /
2011-ci ilin mayın 14-ü. Hər birimiz üçün unudulmaz gün. Həmin gün onun, "Eurovision"un özünün bizə gələcəyini düşünərək bu fikrə sevinc və qürurla heyrətləndik... Ona görə yox ki, ölkəmizin imkanlarına şübhə edirdik. Əsla yox. Sadəcə, elə olur ki, bəzən nəyisə çox gözləyir və ya nəyə isə uzun müddət hazırlaşırsan. Biz də bu hissləri keçirirdik.
"Eurovision-2012"nin Bakıda keçirilməsi böyük qələbə ilə yanaşı, bizə özümüzü olduğumuz kimi təqdim etməyə yaxşı imkandır. Belə fikri müsahibələrindən birində Azərbaycan Prezidenti İlham Əliyev dedi. Onun sözlərinə görə, Bakıya xoş niyyətlərlə gələn hər kəs ölkəmizin son illərdə nələr əldə etdiyini asanlıqla görə bilər. "Qələbədən sonra mən şərhlər eşitdim ki, Avropada çoxlu sayda insan soruşurdu: Azərbaycan harada yerləşir, Avropada yerləşir? Onlar bu müsabiqədə necə iştirak edə bilərlər? Axı Azərbaycan Avropada deyil", - dövlət başçısı qeyd etdi və vurğuladı ki, bu mənada Bakıda keçiriləcək "Eurovision" müsabiqəsi Azərbaycan ilə Avropanın bir-birinə daha da yaxınlaşması üçün yaxşı fürsət olacaq.
Bəli, son illər ərzində idmanda və başqa sahələrdə qələbələrimizə alışmışıq. Lakin "Eurovision" - onun haqqında nə qədər fikirlərin olmasına rəğmən - Avropanın ən böyük musiqi hadisəsidir. Və onu evə gətirmək - böyük qələbə və böyük uğurdur.
Azərbaycanın Düsseldorfda qələbəsi gözlənilməz olmadı. O, gərgin əmək və istedadla, ilk əvvəl Eldar və Nigarın zəhmətləri hesabına başa gəldi. Eyni zamanda, bu qələbə gəncliyin inkişafı, onun intellektual və yaradıcı potensialının hərtərəfli yüksəlişinə yönəlmiş məqsədyönlü dövlət siyasətinin nəticəsidir.
Azərbaycan ümumavropa miqyaslı tədbirlərin keçirilməsi təcrübəsini hələ toplamaqdadır. Bir neçə il əvvəl Bakının belə möhtəşəm tədbiri layiqincə keçirməsinə hətta özümüz belə, təəcüblənirdik.
Lakin aylar keçdi və indi bir çox ekspertlər - o cümlədən Azərbaycandan olmayan mütəxəssislər - "Eurovision-2012"-nin bu müsabiqənin tarixində ən parlaq və baxımlı olacağını proqnozlaşdırırlar. Müasir Azərbaycanın imkanları, zəngin ənənələri və heyrətamiz dərəcədə zəngin mədəniyyətinin mövcudluğunu nəzərə alsaq, onların proqnozları yetərincə əsaslıdır. Nümayiş etdirməyə potensialımızın olduğunu Eldarla Nigar parlaq şəkildə göstərdilər. Gələn ilin mayında isə Azərbaycanda keçiriləcək "Eurovision-2012"yə gələcək insanlar bu ölkənin baş çəkməyə layiq məkan olduğunu görəcəklər. Lakin hər şey barədə növbə ilə...
Müsabiqəyə beş ay qalıb. Azərbaycan çoxsaylı qonaqların qəbuluna vahid komanda kimi hazırlaşır. İlkin ehtimallara görə, onların sayı on minlərlə olacaq. Dəqiq rəqəm hələ hesablanır.
Hazırda 40 ölkə müsabiqəyə qatılacağını təsdiqləyib və belə dövlətlərin sayı günbəgün artır. Bu isə o deməkdir ki, ifaçılarla yanaşı, onların komanda üzvləri, turistlər və ifaçıların minlərlə fanatı da Bakıya gələcək.
Belə çoxsaylı qonaqların qəbuluna ilk növbədə otellər hazır olmalıdır. Bu il paytaxtda "Kempinski Badamdar", "Hilton Baku" və "Jumeirah" lüks otelləri istifadəyə verilib. Ən yaxın vaxtlarda "Marriot", "Four seasons", "Fairmond" otelləri açılacaq. "Ancaq beşulduzlu 6 otelin Bakıda 1-2 ilə tikilməsi də onu göstərir ki, investorlar və dünya brendləri məhz Bakını elitar turizm mərkəzi kimi görürlər", - bununla bağlı olaraq prezident İlham Əliyev bildirib.
Eyni zamanda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bəyan edib ki, "Eurovision" qonaqlarının əksəriyyətinin gənclər olacağını nəzərə alsaq, Bakıda az ulduzlu - iki və üç ulduzlu - otellərin tikilməsi də təqdir ediləcək. Elə həmin Avropada belə otellər turizmin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, "Eurovision-2012"nin keçirildiyi zaman otel nömrələrinin onlayn bronlaşdırılması sistemində işlər daha da təkmilləşdiriləcək. Qonaqlar internet vasitəsilə heç bir problem olmadan otel nömrəsini əvvəlcədən sifariş verə biləcəklər.
Başqa işlərin keçirilməsi ilə yanaşı, Azərbaycan Turizm Assosiasiyası yerli otel və turizm şirkətləri ilə birlikdə "Eurovision" qonaqları üçün xüsusi turpaketlərin hazırlanması istiqamətində çalışır. Turpaketlər qonaqların sayına uyğun hazırlanacaq. Paketə qonağın hava limanında qarşılanmasından tutmuş, yola salınmasına qədər bütün xidmətlər daxil olunacaq. Bu xidmətlərin təşkili üçün otellər, restoranlar və nəqliyyat şirkətlərinin rəhbərləri ilə danışıqlar aparılır. Eyni zamanda, turpaketlərə şou-tamaşalara biletlərin də daxil edilməsi istiqamətində işlər gedir.
Azərbaycanın mehmanxana potensialı yetərincə yüksəkdir. Yeni otellər, kempinqlər və mehmanxana tipli digər obyektlərin sayı artıq 500-ü keçib. Son məlumatlara görə, mehmanxana tipli pansionatlar, kempinqlər, turist bazaları və s.-lərin tutumları 32 min qonağın yerləşdirilməsinə imkan verir. Bu səbəbdən də gələcək qonaqlar üçün yer çatışmazlığı olmayacaq. Təqdim ediləcək xidmətlərin keyfiyyətinə gəldikdə isə, hazırda turizm müəssisələrinin başlıca vəzifəsi sertifikatlı mütəxəssislər, gidlər və qonaqları paytaxtımızla, ölkəmizlə tanış edəcək ekskursiyaçıların hazırlanmasıdır. Bundan başqa, Bakıdakı otellərin xidməti personalı üçün xüsusi kurslar keçiriləcək...
Maya hazırlıq bir dəqiqə də ara vermir. Bu günlərdə yayılmış məlumatlara görə, "Eurovision" mahnı müsabiqəsinin səhnə konsepsiyası və "green room"u (çıxışdan sonra gözləmə otağı) ilə bağlı bir neçə variant hazırlanır. Konsepsiya müsabiqənin keçirilməsində Bakının rəsmi tərəfdaşı, Almaniyanın "Brainpool GmBH" şirkəti ilə birlikdə ərsəyə gətirilir. Müsabiqənin işçi qrupunun üzvlərinin dediklərinə görə, quruluş və texnikadan istifadə sayəsində möhtəşəm şou hazırlanacaq. Özü də onun hazırlanmasında indiyədək istifadə olunmamış ən son işıq və xüsusi effektlərdən istifadə ediləcək. Sadalananlarla yanaşı, qədim Azərbaycanın tarix və mədəniyyətini əks etdirən şou konsepsiyası hazırlanır.
Avropanın mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsinə gəldikdə isə, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, "Eurovision-2012"nin keçirilməsi üçün üç yer nəzərdə tutulub. Onlardan biri Heydər Əliyev adına İdman-Konsert Kompleksi, ikincisi - Tofiq Bəhramov adına Respublika Stadionu, üçüncüsü isə hazırda Dövlət Bayrağı Meydanı yaxınlığında inşa edilən konsert kompleksidir.
Hazırda Azərbaycanın əsas stadionunun ciddi rekonstruksiyası gedir. Stadionun əsas konstruktor "özəlliyi" dam olacaq. Dam bir neçə nəhəng polad sütunların üzərində olacaq. Yaxın vaxtlarda həmin sütunların quraşdırılmasına başlanacaq. Hazırda stadionda dəmir-beton işləri aparılır, Koreyadan gərəkli materiallar sifariş olunub.
Maraqlıdır ki, stadionun tribunaları üstdən qapalı olacaq. Əlavə tribuna inşa olunur, paltardəyişmə otaqları və başqa yerlər yenidən tikilir. Stadionda oturacaqlar və qazon dəyişdiriləcək, drenaj sistemi yenilənəcək və başqa işlər görüləcək.
Lakin "Eurovision-2012" üçün ən başılca ola biləcək obyektə - inşası hazırda Dövlət Bayrağı Meydanı yaxınlığında Almaniyanın "Alpine BAU Deutschland AG" şirkəti tərəfindən aparılan "Baku Crystal Hall"a nəzər salaq. Məhz "Baku Crystal Hall"da unudulmaz yevrosonq bayramının keçiriləcəyi nəzərdə tutulub. Yəqin belə təyinatlı qurğunun inşa edilməsi üçün yerin əla seçildiyini xatırlatmaq əbəsdir. Çünki qonaqlar arasında Bakı ilə yaxından tanış ola bilməyəcək şəxslər belə, həmin məkandan Azərbaycan paytaxtının ecazkar mənzərəsini seyr edə bilərlər.
Kompleks 23 mindən artıq insanı tuta biləcək. Müqayisə üçün deyək ki, Osloda "Eurovision-2010" mahnı müsabiqəsinin keçirildiyi stadion 4 min nəfər, Düsseldorfda "Eurovision-2011"in keçirildiyi stadion isə 10 min nəfər tuturdu. Necə deyərlər, şərhlər izafidir.
Müsabiqənin keçiriləcəyi vaxta çox qalmadığını nəzərə alsaq, "Eurovision-2012"-nin ehtimal olunan əsas arenasının inşası unikal yolla aparılır: stadionun meydanı, fasadı və damı eyni vaxtda tikilir.
Müqaviləyə uyğun olaraq, Almaniya şirkəti arenanın tikintisini 2012-ci ilin martın 31-dək başa vurmalıdır. Layihənin baş dizayneri Almaniyanın "gmp" şirkəti, stadionun dizayneri - İsveçrənin "Nussen" şirkətidir. Bundan başqa, kompleksin yaxınlığında 1500 nəfərlik media-mərkəz tikiləcək. Podratçı şirkət bəyan edir ki, idman-konsert kompleksi bütün tələblər və normalara, o cümlədən təhlükəsizlik tələblərinə tam cavab verəcək. Sadəcə, ağlagəlməzdir - amma hər hansı fövqəladə hadisə zamanı stadiondakı 23 min nəfər oradan cəmi 8 dəqiqə ərzində evakuasiya edilə bilər...
Müsabiqənin keçirildiyi yer və təhlükəsizlik məsələləri haqqında danışarkən, istər-istəməz Azərbaycana qarşı tamamilə adət edilmiş "qara piar" mövzusuna toxunmaq lazım gəlir. İş burasındadır ki, son bir neçə ay ərzində yerli və xarici mətbuatda "Eurovision 2012"-nin keçirilməsi ilə əlaqədar vətəndaşların mülkiyyət hüququnun pozulması mövzusu şişirdilir. O cümlədən, ВВС başda olmaqla, Britaniyanın bir sıra KİV-i əsassız olaraq iddia edir ki, guya "Baku Crystal Hall"un tikintisi ilə əlaqədar vətəndaşların evləri uçurdulur və onlara kompensasiya ödənilmir. Əlbəttə ki, bu ab-hava həm də erməni KİV-i tərəfindən qızışdırılır. Məsələn, panorama.am, times.am kimi erməni saytları müsabiqəni gözdən salan materiallar aşkar etməkdən ötrü Azərbaycan və xarici KİV-in gündəlik monitorinqini həyata keçirirlər. Təəssüf ki, bəzi yerli KİV erməni təbliğatı üçün etibarlı mənbə rolunda çıxış edir. Bəzi yerli qəzetlərdə dərc olunan əsassız, bilərəkdən yalan materialların erməni mətbuatında təkrar dərc edildiyi, daha sonra isə onların bir neçə dildə yayıldığı barədə saysız-hesabsız misallar gətirmək olar. Və heç kim Dövlət Bayrağı Meydanı ərazisindəki doqquzmərtəbəli binanın məsələsinin hələ "Eurovision 2011"-də Azərbaycan duetinin qələbəsinədək gündəlikdə olduğu barədə düşünmür. Üstəlik, "Baku Crystal Hall" doqquzmərtəbə yaxınlığında deyil, gəmi təmiri zavodunun yerində tikilir. Kompensasiyaların ödənilməməsi ilə bağlı bir hal da qeydə alınmayıb.
Digər tərəfdən, düşmənlərimiz "Eurovision 2012"-də öz iştirakını şübhə altında qoymayanlara qorxu təlqin etməklə Bakını ən pis halda təqdim etməyə çalışırlar. Bunların heç biri təəccüblü deyil. Avropa müsabiqəsinin qaliblərinə və ümumilikdə Azərbaycana qarşı Düsseldorfdakı qələbədən sonra hansı kampaniyanın başladığını xatırlamaq kifayətdir. Bakını plagiatda, az qala qələbəni satın almaqda və başqa məsələlərdə təqsirləndirirdilər. Lakin zaman keçdi və hər şey öz yerini aldı. El&Nikki qələbəsi layiqli idi, bunu səsi kiminsə qeyri-obyektiv fikrinə görə şübhə altına alına bilməyən və ya etiraz edilməyən yüz milyonluq Avropa auditoriyası təsdiq etdi.
İndi isə "yaradıcılıq" məqamlarını sakit buraxaraq rəqiblərimiz Bakıda keçiriləcək Avropa mahnı müsabiqəsinin, ilk növbədə, Ermənistandan olan qonaqların təhlükəsizliyi ilə bağlı qayğıları öz üzərlərinə götürüblər. Buna cavab rəsmi Bakının dəqiq və aydın mövqeyi ola bilər.
Azərbaycan bu gün postsovet məkanında ən sabit və təhlükəsiz ölkədir. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bəyan edib. Həsənovun sözlərinə görə, iri beynəlxalq tədbirlərin keçirilməsində yetərincə təcrübəyə malik olan Azərbaycan turistlərin, jurnalistlərin və nümayəndə heyətlərinin təhlükəsizliyini təmin etməyə hazırdır. Son vaxtlar yerli və xarici mətbuatda Azərbaycanın bu sayda adamı qarşılamağa, yerləşdirməyə, təhlükəsizliyini təmin etməyə və viza ilə bağlı məsələləri həll etməyə hazır olmasına dair sualın tez-tez səsləndiyini qeyd edən Prezident Administrasiyasının şöbə müdiri bildirib: "Azərbaycan hökuməti "Eurovision" müsabiqəsinin Avropa Yayım İttifaqının tələblərinə uyğun olaraq keçirilməsi üçün lazımi şəraiti təşkil etməyə, müsabiqədə iştirak edən hər kəs üçün təhlükəsiz, rahat şərait və imkanlar yaratmağa hazırdır və qadirdir". Əli Həsənov qeyd edib ki, Azərbaycanda qonaqları dini, milli, cinsi, yaxud hansısa başqa əlamətə görə fərqləndirməyə adət etməyiblər.
"Eurovision" günlərində Bakıda qonaqların sakitliyi və təhlükəsizliyinin təmin edilməsi tapşırığını Azərbaycanın daxili işlər orqanları da gücləndirilmiş rejimdə yerinə yetirəcəklər. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəhbərinin müavini Ehsan Zahidov Ermənistan tərəfinin öz iştirakçılarının təhlükəsizliyi ilə bağlı narahatlığı barədə suala cavab verərkən deyib. O qeyd edib ki, Azərbaycan polisi ölkənin nüfuzuna ziyan gətirə biləcək hər hansı asayiş pozuntusuna imkan verməyəcək və istənilən fövqəladə və mənfi hadisənin qarşısı qətiyyətlə alınacaq. "Eurovision 2012"-nin keçiriləcəyi günlərdə ictimai asayişin və qonaqların təhlükəsizliyinin etibarlı təmin olunması üçün bütün zəruri ölçülər qəbul ediləcək.
Bakıda "Eurovision 2012" müsabiqəsinin keçiriləcəyi günlərdə qonaqların axını ilə bağlı yer ala biləcək plastik kartlardan istifadə və fişinq hücumları ilə əlaqədar problemə dair narahatlıqlar səslənir. Lakin belə halların qarşısının alınması üçün iş aparılır və bu, təkcə müsabiqə ilə bağlı deyil. Vergilər Nazirliyinin məlimatına görə, beynəlxalq təcrübənin öyrənilməsi vasitəsilə nağdsız ödənişlərin beynəlxalq standartlar səviyyəsinədək çatdırılmasına dair xusisi təkliflər paketi hazırlamış xüsusi işçi qrupu yaradılıb. Bundan əlavə, POS-terminalların sayı artırılır. Vergilər naziri Fazil Məmmədovun sözlərinə görə, son yarım il ərzində təkcə Bakıda 2000-dən artıq terminal quraşdırılıb və bu gün onların ümumi sayı 13 minədək artıb.
Qarşıdakı möhtəşəm musiqi hadisəsi ərəfəsində əsas məsələlərdən biri də vizadır. "Viza məsələləri baxılma ərəfəsindədir və paytaxtımızın qonaqları üçün əlverişli şəraitin yaradılması məqsədilə bütün tədbirlər görülür", - Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev məlumat verib. Onun sözlərinə görə, XİN "Eurovision" müsabiqəsində iştirak etmək məqsədilə Azərbaycana səfər edəcək turistlər və nümayəndə heyətləri üçün əlverişli şəraitin yaradılması üzrə iş aparır. "Bizim əsas məqsədimiz odur ki, əcnəbi qonaqlar bu şəraitdən razı qalsınlar", - Abdullayev qeyd edib.
Yeri gəlmişkən, viza məsələsinə Əli Həsənov da toxunub. O qeyd edib ki, müsabiqənin başlanmasına qədər Azərbaycana gələcək on minlərlə insanın vizanı asan yolla almasına imkan verəcək müəyyən variant seçiləcək. "Düşünmürəm ki, viza məsələsində hər hansı bir problem olacaq", - o deyib.
Bu sahədə aparılan işə görə "Eurovision" müsabiqəsinin qonaqları və iştirakçıları Bakıda rabitə və internetlə bağlı heç bir problemlə üzləşməyəcəklər. Məsələn, müsabiqənin keçiriləcəyi kompleksdə onlayn-yayım üçün 8 Mb/s-lik sürətə malik internet-kanal təşkil ediləcək. Bununla yanaşı, Bakının mərkəzi hissəsində yerləşən bütün ictimai yerlərdə kabelsiz Wi-Fi-ın genişləndirilməsi nəzərdə tutulur. Kabelsiz çıxışla ticarət mərkəzləri, restoranlar və digər ictimai yerlər əhatə olunacaq.
İndi həmin ictimai yerlərə - muzeylər, tarixi qoruqlar, digər mədəni qurumlar, eləcə də əlbəttə ki, klub və restoranlara keçməyin tam vaxtıdır. Bakıda olasan və Azərbaycan mətbəxindən dadmayasan - bu, ağlasığmazdır. Hörmətli qonaqlar, siz buna nail ola bilməyəcəksiniz, çünki Bakıda restoran tipli kafe və qəlyanaltı obyektlər şəbəkəsi çox genişdir. Buna görə də Azərbaycanın mətbəx estetikasının bütün ləzzətini hiss etmək imkanından qaça bilməyəcəksiniz.
Zəngin tarixi keçmiş və parlaq mədəni palitra hər bir qonağımızın Bakıya səfər proqramını maraqlı və rəngarəng etməyə imkan verəcək. Bu gün Azərbaycan Turizm İnstitutunda Bakı və ətraf ərazilərdə, eləcə də Abşeronda təşkil ediləcək infoturlar üçün bələdçilərin hazırlığı aparılır. "Eurovision" müsabiqəsinin keçiriləcəyi dövrdə qrupların komplektləşdirilməsi imkanı çərçivəsində turistlər üçün Qobustan, Qala, Atəşgah və Azərbaycan paytaxtının digər maraqlı yerlərinə turlar təşkil ediləcək. Hazırda Qobustan muzeyində və Atəşgah məbədində təmir işləri başa çatdırılır və bu qeyri-adi tarixi abidələr Bakının qonaqları qarşısında yeni görünüşdə duracaq.
Yəqin ki, bir çox qonaqlar Azərbaycanın gözəl təbiəti ilə tanış olmaq istəyəcəklər. Bu halda onların xidmətində keyfiyyətli avtobanlar, xüsusi nəqliyyat və ölkənin regionlarında geniş turizm infrastrukturu şəbəkəsi olacaq.
Gələn ilin əsas hadisəsi olan "Eurovision" müsabiqəsinə Bakıda, demək olar ki, hamı - həkimlər, polislər, nəqliyyatçılar, taksi sürücüləri, satıcılar hazırlaşırlar.
Məlum olub ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının mütəxəssisləri hazırda ingilis dili kurslarını keçirlər. "Eurovision" günlərində təcili yardım briqadası əsas hadisələrin keçiriləcəyi bütün obyektlərdə növbə çəkəcəklər.
Bakı polis işçiləri də sürətlə ingilis dilini öyrənirlər. Axı, yolunu azan və hər hansısa problemlə üzləşən turust adətən polis əməkdaşına müraciət edir.
Əgər Azərbaycanın yol-nəqliyyat sisteminin inkişafından danışsaq, burada deməyə söz çox olacaq. Çünki görülmüş və hazırda aparılan işin həcmi çox böyükdür. Yüksək templə körpülər, yol qovşaqları, avtomobil tunelləri tikilir, insanların şəhərdə ən çox üz tutduqları yerlərdə yeraltı piyada keçidlərinin sayı artırılıb. Yaxın vaxtlarda nəqliyyatın intellektual idarə edilməsi sistemi fəaliyyət göstərməyə başlayacaq. Yollar təmin edilir, binaların fasadları yenidən qurulur, küçə və parklar abadlaşdırılır. Hər şey qonaqların, elə bakılıların özlərinin də rahatlığı və məmnun qalması üçündür. Axı, müsabiqə qurtaracaq, bütün bu gözəllik isə qalacaq.