Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir E.Mehdiyev/
Danimarka Avropa İttifaqına sədrliyi dövründə Avropa Qonşuluq Siyasəti proqramına daxil olan ölkələrlə əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetirəcək.
Trend-in cümə günü Aİ-nin rəsmi saytına istinadən yaydığı məlumata görə, Danimarka hökuməti Aİ-yə altı aylıq sədrliyi dövründə əsas prioritetlərini açıqlayıb.
Danimarkanın sədrliyinin əsas proritetləri məsuliyyətli, dinamik, yaşıl və təhlükəsiz Avropa olacaq.
Həmçinin, Danimarka yenilənmiş Qonşuluq Strategiyasının həyata keçirilməsinə xüsusi önəm verəcək. Aİ-nin Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrlə əlaqələrin möhkəmləndirilməsi Danimarkanın qarşısında duran əsas məsələlərdən biridir.
Avropa İttifaqı və Azərbaycan arasında 1999-cu ildə qüvvəyə minmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş mövcuddur, eləcə də 2003-cü ildən fəaliyyət göstərən Avropa Mehriban Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq həyata keçirilir.
2009-cu ilin mayında Azərbaycanla Aİ arasında münasibətlər yeni mərhələyə - təşəbbüskarı Polşa və İsveç olan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlığa keçib.
Şərq Tərəfdaşlığı proqramı Aİ-nin Qonşuluq Siyasəti çərçivəsində altı postsovet ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə siyasi və iqtisadi əlaqələrin yaxşılaşdırılmasına yönəldilib.
Proqram Aİ-yə üzvlük imkanını deyil, viza rejiminin sadələşdirilməsi, energetika sahəsində əməkdaşlıq, azad ticarət zonalarının tətbiqini nəzərdə tutur. Tələbə mübadiləsi, ətraf mühitin qorunması, enerji təchizatı üzrə kiçik layihələr də həyata keçiriləcək.