...

Elmar Məmmədyarov: Biz Somalidəki vəziyyətə ehtiyat və həssaslıqla yanaşmalıyıq (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 12 Yanvar 2012 05:20 (UTC +04:00)
Biz bütün tərəflərin köməyi ilə bu ölkədəki siyasi, humanitar və təhlükəsizlik problemlərinin həllinə yönəlmiş çoxyönlü strategiya əsasında Somalidəki mürəkkəb vəziyyətə ehtiyat və həssaslıqla yanaşmaqda davam etməliyik.
Elmar Məmmədyarov: Biz Somalidəki vəziyyətə ehtiyat və həssaslıqla yanaşmalıyıq (ƏLAVƏ OLUNUB)

(Nazirin çıxışı əlavə olunub, ilk xəbər 02:20-də yayılıb)

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir E.Əliyev/

Biz bütün tərəflərin köməyi ilə bu ölkədəki siyasi, humanitar və təhlükəsizlik problemlərinin həllinə yönəlmiş çoxyönlü strategiya əsasında Somalidəki mürəkkəb vəziyyətə ehtiyat və həssaslıqla yanaşmaqda davam etməliyik. Trend-in məlumatına görə, bunu BMT Təhlükəsizlik Şurasının Somali üzrə iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir Azərbaycanın çətinliklərin öhdəsindən gəlmiş, sülhə nail olmuş və təhlükəsiz, sabit, birləşmiş, demokratik və çiçəklənən bir xalq yaratmış Somalinin Federal Keçid Hökumətinə və Somali təhlükəsizlik qüvvələrinin və ordu hissələri ilə təmin edən ölkələrin səylərini qiymətləndirərək, Afrika İttifaqının Somalidəki Missiyasına (AMİSOM) dəstəyini ifadə edib.

Məmmədyarov, həmçinin Somalidə sülhün və milli barışığın əldə olunmasında, ölkədə humanitar böhranla üzləşmiş insanların ehtiyaclarının qarşılanması sahəsində göstərdiyi köməkliyə görə İslam Əməkdaşlıq Təşkilatı və ona üzv olan ölkələrin səylərini qiymətləndirdiyini qeyd edib.

"Regionda təhlükəsizliyin təmin edilməsi AMİSOM-un öz mandatının yerinə yetirməsi məqsədilə hazırlığının möhkəmləndirilməsi üçün bütün zəruri resurslarla təmin edilməsi də daxil olmaqla, beynəlxalq ictimaiyyətin müvafiq dəstəyi olmadan baş verə bilməz. Baş Katibin Somali ilə bağlı son hesabatında da qeyd etdiyi kimi, Birləşmiş Millətlər Təşkilatının və AMİSOM-un resursları missiyanın üzləşdiyi çağırışlara və mandatına uyğun deyildir. Baş Katibin fikri ilə tam razı olaraq, biz də bildiririk ki, Somalinin yol xəritəsinin yaradılması üçün uzun müddətli yardıma ehtiyacı vardır. Afrika İttifaqı Sülh və Təhlükəsizlik Şurasının 5 yanvar 2012-ci tarixli qərarları və BMT-nin Təhlükəsizlik Şurasına müraciəti də nəzərə alınmalıdır", - Məmmədyarov deyib.

O, həmçinin Somalinin təhlükəsizlik institutlarının bərpasında beynəlxalq köməyin əhəmiyyətini vurğulayıb.

"Asimmetrik terrorist hücumlarına qarşı mübarizədə müvafiq hərbi təminata ehtiyac olduğunu qeyd etmək istərdik. Somalidə insanların yaşayış vəziyyətinin getdikcə pisləşməsindən son dərəcə narahatıq. Azərbaycan Afrika Buynuzu ölkələrində və regionda böhrandan ən çox əziyyət çəkən ölkə olan Somalidə humanitar böhranın aradan qaldırılması məqsədilə təcili yardımın təmin edilməsi üçün ayrı-ayrı hökumətlərin və beynəlxalq təşkilatların çağırışına cavab verib", - Məmmədyarov deyib.

Onun sözlərinə görə, BMT-nin Birgə Müraciətinə tövhə vermək də daxil olmaqla, beynəlxalq ictimaiyyətin Somalini dəstəkləməsi vacibdir. Eyni zamanda, bütün tərəflər maneəsiz humanitar yardımın çatdırılmasına şərait yaratmalı, yerli əhali və onların təhlükəsizliyinə xələl gətirən addımlardan çəkinməlidirlər.

"Həmçinin, Somalidəki qaçqın və məcburi köçkün məsələsi üçün uzunmüddətli həll yolunun tapılması məqsədilə səylərin ikiqat artırılmasına ehtiyac vardır. Azərbaycan Somalidə və regionun digər ölkələrində ehtiyac içində olanlara öz dəstəyini davam etdirməyə hazırdır", - nazir əlavə edib.

Azərbaycan 2012-2013-cü illərdə BMT TŞ-nin qeyri-daimi üzvü seçilib.

Nazirin Nyu-Yorkda olduğu müddətdə onun 12 yanvar 2012-ci il tarixində Cənubi Afrika Respublikasının Prezidenti Yakob Zumanın sədrliyi ilə Təhlükəsizlik Şurasında keçiriləcək müzakirələrdə iştirakı və çıxışları nəzərdə tutulur.

Tədbirlərdə iştirakı ilə yanaşı, nazir Məmmədyarovun BMT baş katibi adına Cənubi Afrika Respublikası tərəfindən verilən nahar ziyafətinə də qatılması planlaşdırılır.

Səfər çərçivəsində Məmmədyarovun Kolumbiyanın xarici işlər naziri, Almaniya və Portuqaliyanın dövlət katibləri ilə görüşləri də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti