...

Elmar Məmmədyarov: Azərbaycan həll olunmamış münaqişələrə məruz qalan ölkələrə olan təhlükələri çox yaxşı anlayır (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 13 Yanvar 2012 02:48 (UTC +04:00)
Ərazisinin əhəmiyyətli hissəsi işğal altında olan və yüz minlərlə vətəndaşının məcburi köçkün olduğu bir ölkə kimi Azərbaycan, Afrika ölkələri daxil olmaqla, həll olunmamış münaqişələrlə yaşayan ölkələrin üzləşdiyi təhdid və çağırışları tam şəkildə dərk edir.
Elmar Məmmədyarov: Azərbaycan həll olunmamış münaqişələrə məruz qalan ölkələrə olan təhlükələri çox yaxşı anlayır (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (4-6-cı abzaslar; ilk xəbər 21:24-də yayılıb)

Azərbaycan, Bakı, 13 yanvar / Trend müxbirlər E.Mehdiyev, R.Daraxşan/

Ərazisinin əhəmiyyətli hissəsi işğal altında olan və yüz minlərlə vətəndaşının məcburi köçkün olduğu bir ölkə kimi Azərbaycan, Afrika ölkələri daxil olmaqla, həll olunmamış münaqişələrlə yaşayan ölkələrin üzləşdiyi təhdid və çağırışları tam şəkildə dərk edir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının BMT-Afrika İttifaqı tərəfdaşlığına həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

Məmmədyarovun sözlərinə görə, Afrikada vasitəçilik üçün əsas kimi BMT və Afrika İttifaqı tərəfindən ümumi rəhbər prinsiplərin işlənib hazırlanması sülhə nail olunmasına və münaqişələrin qarşısının alınmasına imkan yaradacaq. "Çox əhəmiyyətlidir ki, bütün üzv ölkələr BMT-nin müəyyən etdiyi və suverenlik, ərazi bütövlüyü və dövlətlərin siyasi müstəqilliyi ilə əlaqədar olan öhdəliklərini yerinə yetirsin", - nazir bildirib.

"Son zamanlar Azərbaycan Afrika İttifaqı və onun üzv dövlətləri ilə əməkdaşlığını əhəmiyyətli dərəcədə genişləndirib. Azərbaycan Afrikaya yardım göstərilməsi üzrə müxtəlif proqramların həyata keçirilməsində fəal iştirak edir. Müvafiq hökumətlərin və beynəlxalq təşkilatların Afrika Buynuzu zonasındakı və başqa Afrika ölkələrində humanitar böhran probleminin həllinə yönəlmiş təcili yardım göstərilməsi üçün çağırışlarına Azərbaycan təcili reaksiya verdi", - Məmmədyarov deyib.

Onun sözlərinə görə, Azərbaycan Afrika İttifaqı Komissiyasının "İnstitusional potensialın yaradılması proqramı"nı dəstəkləyib və Azərbaycan Diplomatik Akademiyasında təhsil almaq üçün Afrika ölkələrindən olan diplomatlara təqaüdlər təqdim edib.

"Azərbaycan, həmçinin BMT-nin Sülhün qurulması üzrə Komissiyasının strukturlarından birinin işinə qoşulub və bu istiqamətdə öz səylərini davam etdirməyə ümid edir. Biz mina təmizləmə sahəsində zəngin təcrübəmizi Afrikada tətbiq etmək üçün maraqlı tərəflərlə məsləhətləşmələrə başladıq", - XİN başçısı bildirib.

Məmmədyarov onu da qeyd edib ki, Azərbaycan Afrika İttifaqı Komissiyası və Afrika ölkələri ilə əməkdaşlığın irəliləyişinə ümid edir və həmçinin BMT və Afrika İttifaqı ilə əməkdaşlıqda Afrikanın problemlərinə dair yüksək səviyyəli beynəlxalq konfransa ev sahibliyi etməyi planlaşdırır.

Yanvarın 1-dən Azərbaycan, Qvatemala, Mərakeş, Pakistan və Toqo BMT TŞ-nin qeyri-daimi üzvü kimi səlahiyyətlərinin icrasına başlayıb. Həmin ölkələr bu təşkilata ötən ilin oktyabrında Baş Assambleyada keçirilən seçkilər zamanı 2012-2013-cü illər müddətinə seçiliblər. Onlar TŞ-də iki illik səlahiyyət müddəti 2011-ci il dekabrın 31-də başa çatan Bosniya və Herseqovina, Braziliya, Qabon, Liva və Nigeriyanı əvəz ediblər.

Xəbər lenti

Xəbər lenti