Azərbaycan, Bakı, 12 yanvar / Trend, müxbirlər E.Mehdiyev, R.Daraxşan/
Öz ərazilərinin mühüm bir hissəsinin işğalından və yüz minlərlə vətənaşının məcburi köçkün olmasından əziyyət çəkən bir ölkə kimi Azərbaycan həll olunmamış münaqişələrə məruz qalan ölkələrə olan təhlükələri çox yaxşı anlayır. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının BMT-Afrika Birliyi tərəfdaşlığına həsr olunumuş iclasında çıxışı zamanı bildirib.
Məmmədyarovun sözlərinə görə, Afrikada vasitəçilik üçün əsas kimi BMT və Afrika Birliyi tərəfindən ümumi rəhbər prinsiplərin işlənib hazırlaması sülhə nail olunmasına və münaqişələrin qarşısının alınmasına imkan yaradacaq. "Çox əhəmiyyətlidir ki, bütün üzv ölkələr BMT-nin müəyyən etdiyi və suverenlik, ərazi bütövlüyü və dövlətlərin siyasi müstəqilliyi ilə əlaqədar olan öhdəliklərini yerinə yetirsin, - deyə nazir bildirib.
"Son zamanlar Azərbaycan Afrika Birliyi və onun üzv dövlətləri ilə öz əməkdaşlığını əhəmiyyətli dərəcədə genişləndirib. Azərbaycan Afrikaya yardım göstərilməsi üzrə müxtəlif proqramların həyata keçirilməsində fəal iştirak edir. Müvafiq hökumətlərin və beynəlxalq təşkilatların Afrika Buynuzu və başqa Afrika ölkələrində humanitar böhran probleminin həllinə yönəlmiş təcili yardım göstərilməsi üçün çağırışlarına Azərbaycan təcili reaksiya verdi", - Məmmədyarov deyib.
Onun sözlərinə görə, Azərbaycan Afrika Birliyi Komissiyasının "İnstitusional potensialın yaradılması proqramı"nı dəstəkləyib və Azərbaycan Diplomatik Akademiyasında təhsil almaq üçün Afrika ölkələrindən olan diplomatlara təqaüdlər təqdim edib.
"Azərbaycan həmçinin BMT-nin Sülhün qurulması üzrə Komissiyasının strukturlarından birinin işinə qoşulub və bu istiqamətdə öz səylərini davam etdirməyə ümid edir. Biz minatəmizləmə sahəsində zəngin təcrübəmizi Afrikada tətbiq etmək üçün maraqlı tərəflərlə məsləhətləşmələrə başladıq", - deyə XİN-in başçısı bildirib.
Məmmədyarov onu da qeyd edib ki, Azərbaycan Afrika Birliyi Komissiyası və Afrika ölkələri ilə əməkdaşlığın irəliləyişinə ümid edir və həmçinin BMT və Afrika Birliyi ilə əməkdaşlıqda Afrikanın problemlərinə dair yüksək səviyyəli beynəlxalq konfransına ev sahiblik etməyi planlaşdırır.
Yanvarın 1-dən Azərbaycan, Qvatemala, Mərakeş, Pakistan və Toqo BMT TŞ-nin qeyri-daimi üzvü kimi səlahiyyətlərinin icrasına başlayıblar. Həmin ölkələr bu təşkilata ötən ilin oktyabrında Baş Assambleyada keçirilən seçkilər zamanı 2012-2013-cü illər müddətinə seçiliblər. Onlar TŞ-də iki illik səlahiyyət müddəti 2011-ci il dekabrın 31-də başa çatan Bosniya və Herseqovina, Braziliya, Qabon, Livan və Nigeriyanı əvəz ediblər.