...

Azərbaycanın BMT TŞ-yə seçilməsi ölkənin beynəlxalq arenada rolunun tanınması deməkdir - RF XİN

Siyasət Materials 17 Yanvar 2012 15:28 (UTC +04:00)
Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsi ölkənin beynəlxalq arenada rolunun tanınması deməkdir.
Azərbaycanın BMT TŞ-yə seçilməsi ölkənin beynəlxalq arenada rolunun tanınması deməkdir - RF XİN

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsi ölkənin beynəlxalq arenada rolunun tanınması deməkdir. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov bildirib.

"Rusiya Azərbaycan Respublikasının BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi faktını müsbət qiymətləndirir", - o vurğulayıb.

Bununla belə, Qatilov xatırladıb ki, Rusiya Azərbaycanın BMT TŞ-yə seçilməsinə səs verib və onun namizədliyini dəstəkləyib.

Yanvarın 1-dən Azərbaycan, Qvatemala, Mərakeş, Pakistan və Toqo BMT TŞ-nin qeyri-daimi üzvü kimi səlahiyyətlərinin icrasına başlayıblar. Həmin ölkələr bu təşkilata ötən ilin oktyabrında Baş Assambleyada keçirilən seçkilər zamanı 2012-2013-cü illər müddətinə seçiliblər. Bu ölkələr TŞ-də iki illik səlahiyyət müddəti 2011-ci il dekabrın 31-də başa çatan Bosniya və Herseqovina, Braziliya, Qabon, Livan və Nigeriyanı əvəz ediblər.

"Biz azərbaycanlı dostlarımızla xüsusi məsləhətləşmələr apardıq və həll edəcəyimiz məsələləri müzakirə etdik. Praktiki olaraq, onların hamısı üzrə ümumi yanaşma üzə çıxdı. Nyu Yorkdakı nümayəndə heyətlərimiz arasında olduqca yaxşı, konstruktiv və faydalı qarşılıqlı fəaliyyət qurulub. Ümid edirəm ki, bu fəaliyyət gələcəkdə də davam edəcək", - Rusiya XİN rəhbərinin müavini əlavə edib.

"Şübhəsiz ki, bu hadisə Azərbaycanın imic və nüfuzuna müsbət təsir edəcək", - Qatilov əminliyini bildirib. Bununla yanaşı, o qeyd edib ki, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsi artıq ölkənin beynəlxalq arenada rolunun və BMT çərçivəsində aktiv fəaliyyətinin tanınması faktıdır.

"Əlbəttə bu, Azərbaycanın bütün dünyada nüfuzunu böyük ölçüdə artıran müsbət məqamdır", - Qatilov əlavə edib.

Xəbər lenti

Xəbər lenti