...

Azərbaycan Prezidenti Administrasiyası: Fransanı daha konstruktiv və rasional mövqedən çıxış etməyə çağırırıq

Siyasət Materials 25 Yanvar 2012 11:37 (UTC +04:00)
Biz Fransanı daha konstruktiv və rasional mövqedən çıxış etməyə çağırırıq.
Azərbaycan Prezidenti Administrasiyası: Fransanı daha konstruktiv və rasional mövqedən çıxış etməyə çağırırıq

Azərbaycan, Bakı, 25 yanvar / Trend müxbir M.Əliyev/

Biz Fransanı daha konstruktiv və rasional mövqedən çıxış etməyə çağırırıq. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

"Azərbaycan tərəfi Fransanın bu addımını qınayır. Bu addım Fransa Konstitusiyası ilə ziddiyyət təşkil edir. Bu, söz və fikir azadlığını zərbə altında qoyur. Bu baxımdan, respublika demokratiyası ruhuna zərbə dəyir", - Aslanov bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti bunu qınayır. "Bizim Fransa Senatına yönəlik fikrimiz ondan ibarətdir ki, əgər həqiqət axtarırlarsa, o zaman həmin adamlar 100 il öncə söylənilən və sübuta yetirilməmiş hadisəni deyil, 20 il öncə olmuş Xocalı soyqırımı məsələsini gündəmə gətirsinlər və müzakirə edib hüquqi qiymət versinlər", - Aslanov deyib.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə 86 senator səs verib.

Fransa senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti