...

Sarkozi seçkilərdə uduzmaq istəmədiyi üçün kiçik qruplara möhtacdır - politoloq

Siyasət Materials 7 Fevral 2012 15:33 (UTC +04:00)
Fransa Senatı "erməni soyqırımı"nı inkar edənlərə qarşı cinayət məsuliyyətini nəzərdə tutan qanunu qəbul etsə də, bu, həmin qanunun qəbulu ilə bağlı prosedurun tam başa çatması anlamına gəlmir.
Sarkozi seçkilərdə uduzmaq istəmədiyi üçün kiçik qruplara möhtacdır - politoloq

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir E.Mehdiyev/

Fransa Senatı "erməni soyqırımı"nı inkar edənlərə qarşı cinayət məsuliyyətini nəzərdə tutan qanunu qəbul etsə də, bu, həmin qanunun qəbulu ilə bağlı prosedurun tam başa çatması anlamına gəlmir.

Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu cümə günü Trend BİA-nın konfrans zalında keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, qanunun əleyhinə olan bir qrup senator Fransa qanunvericiliyinin verdiyi imkandan istifadə edərək Konstitusiya Şurasına müraciət edib.

"Beləliklə, "erməni soyqırımı" məsələsi yenidən siyasi oyunbazlığın alətinə çevrildi. Ermənilərin anti-türkiyəçiliyi onları, eləcə də onların özləri üçün müqəddəs hesab etdikləri hissləri dəfələrlə digər dövlətlərin əlində alətə çevirlib. İndi bu qanun qəbul edilməyəcəksə, yaxın dövrlərdə yenidən belə təşəbbüsün göstərilmə ehtimalı azdır, çünki qarşıdan parlament və prezident seçkiləri gəlir", - Əhmədoğlu qeyd edib.

Onun sözlərinə görə, Fransa Prezidenti Nikola Sarkozinin indiki qanunun qəbul edilməyəcəyi təqdirdə, hökumətin bu mövzuda yeni qanunvericilik təşəbbüsü ilə parlamentə müraciət edəcəyi ilə bağlı verdiyi bəyanatları qarşıdan gələn seçkilərdə erməniləri və yəhudiləri özünə tərəf çəkmək təşəbbüsündən başqa bir şey deyil.

"Sarkozi zəif liderdir və seçkilərdə uduzmaq istəmədiyi üçün belə kiçik qruplara möhtacdır. Fransa xalqının böyük əksəriyyətinə söykənməyən Sarkozi yenidən prezident seçilmək istiqamətindəki cəhdləri ilə özünün anti-demokratik olduğunu da üzə çıxartdı", - Əhmədoğlu deyib.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti