...

Aydın Mirzəzadə: İran tərəfindən Azərbaycana qarşı edilən ittihamların heç birinin əsası yoxdur

Siyasət Materials 13 Fevral 2012 14:20 (UTC +04:00)
İran tərəfindən Azərbaycana qarşı edilən ittihamların heç birinin əsası yoxdur.
Aydın Mirzəzadə: İran tərəfindən Azərbaycana qarşı edilən ittihamların heç birinin əsası yoxdur

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir E.Mehdiyev/

İran tərəfindən Azərbaycana qarşı edilən ittihamların heç birinin əsası yoxdur.

"Mən inanıram ki, qısa bir zamanda Azərbaycan bütün bu məsələlər barəsində çox dəqiq və hamını inandıracaq cavab məktubu verəcək", - bunu bazar ertəsi Trend-ə hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Aydın Mirzəzadə deyib.

Qeyd edək ki, Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov fevralın 12-də bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüşdə səfirə İran tərəfinin etiraz notası təqdim olunub. Notada Azərbaycanın İsrailin kəşfiyyat xidməti olan MOSSAD təşkilatına ölkə ərazisində İranın əleyhinə fəaliyyət göstərməsinə, İranın nüvə alimlərini qətlində əli olan terrorçuların bu ölkəyə azad şəkildə gediş-gəlişlərinə şərait yaratdığı və digər məsələlər qeyd olunaraq rəsmi Bakıdan bu cür addımlara son qoyulması tələb olunub.

İran, həmçinin Azərbaycan gömrükçülərinin İrandan gələnləri incitdiklərini bildirib.

"Təəssürat yaranır ki, kimlərsə İranda məhz bu gün Azərbaycanla münasibətlərin korlanmasında, Azərbaycanla düşmənçilik əhval-ruhiyyəsinin yaradılmasında maraqlıdır. Azərbaycan heç bir zaman dövlətlərin daxili işinə qarışmayıb. Həmişə İranın müstəqilliyinə, özünün öz problemlərini həll etmə hüququna böyük hörmətlə yanaşıb", - Mirzəzadə deyib.

O, bildirib ki, yoxlanılmamış, qərəzli informasiya ilə Azərbaycanı ittiham etmək heç də iki qonşu ölkə arasındakı xoş münasibətlərə cavab verən hal deyil.

"Həmçinin qeyd edim ki, bu informasiya və ittihamı İran tərəfi sadəcə səsləndirməməli, eyni zamanda, Azərbaycana isbat etməyi bacarmalıdır. Azərbaycan buna cavab verəcək. Ancaq İranın hansı əsaslarla Azərbaycanı ittiham etməsi, hansı əsaslarla Azərbaycanla münasibətlərə kölgə salması özü böyük bir sual doğurur", - millət vəkili bildirib.

Digər məsələyə gəldikdə isə, Mirzəzadə deyib ki, Azərbaycanın gömrük sistemi həmişə digər ölkələrin vətəndaşlarına və digər ölkələrdən gələn yüklərə münasibətdə beynəlxalq hüquq normalarını yüksək səviyyədə qoruyub.

"Əksinə biz tez-tez İran sərhədində, İran gömrüyündə Azərbaycan vətəndaşlarına və yüklərinə qarşı hörmətsizlik edildiyi, incidildiyi, süründürməçilik edildiyi faktlarına rast gəlirik. Bu barədə İran tərəfinə də dəfələrlə məlumat verilib. Sadəcə görünür İranın müəyyən siyasi dairələrinə bu məqamda Azərbaycanla münasibətləri korlamaq və yaxud ölkə daxilində öz imicini qaldırmaq ehtiyacı yaranıb. Bu baxımdan, bu cür heç də dostluq və qardaşlıq münasibətlərinə cavab verməyən bir addım atmaq qərarına gəliblər. Hesab edirəm ki, bu heç də İran tərəfinin Azərbaycana xoş niyyətinin nəticəsi deyil", - Mirzəzadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti