...

İlham Əliyev Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri ilə görüşüb

Siyasət Materials 16 Fevral 2012 18:26 (UTC +04:00)
Prezident İlham Əliyev Belçikaya işgüzar səfəri çərçivəsində fevralın 15-də NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri ilə görüşüb.
İlham Əliyev Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri ilə görüşüb

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Prezident İlham Əliyev Belçikaya işgüzar səfəri çərçivəsində fevralın 15-də NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri ilə görüşüb.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra 20 il ərzində keçdiyi inkişaf yolundan danışan dövlətimizin başçısı ölkəmizdə siyasi, iqtisadi, sosial və digər sahələrdə uğurlu islahatların aparıldığını bildirdi.

Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanda aparılan uğurlu islahatlar, siyasi-iqtisadi sabitliyin bərpa olunması, siyasi sistemin möhkəmləndirilməsi sürətli iqtisadi inkişafla nəticələnib, ölkəmizə böyük həcmdə investisiyalar qoyulub. Zəngin neft-qaz ehtiyatlarına malik olan Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Azərbaycan Prezidenti qeyd etdi ki, iqtisadi inkişafın dinamikası qarşıya qoyulan bütün məqsədlərə çatacağımızı nümayiş etdirir.

Ölkəmizin qazandığı nailiyyətlərin təməlində düşünülmüş siyasətin dayandığını deyən Prezident İlham Əliyev xarici siyasətimizin uğurlarından danışarkən Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndiyini bildirdi.

Dövlətimizin başçısı bu gün dünyada Azərbaycana böyük inamın, etimadın olduğunu vurğuladı, ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinin bu baxımdan mühüm əhəmiyyət daşıdığını bildirdi.

Azərbaycan Prezidenti ölkəmizin beynəlxalq təşkilatlar, o cümlədən NATO ilə uğurlu əməkdaşlığını qeyd etdi.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bir daha ölkəmizin mövqeyini diqqətə çatdırdı. Bildirdi ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır.

Sonra üzv ölkələrin NATO yanında daimi nümayəndələri çıxış etdilər. Onlar təmsil etdikləri ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirdilər.

Daimi nümayəndələr Azərbaycanın NATO ilə əməkdaşlığına toxunaraq ölkəmizin Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirakını yüksək qiymətləndirdilər. Bildirdilər ki, təmsil etdikləri ölkələr Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verir.

Çıxış edənlər Azərbaycanın iqtisadi inkişafını vurğulayaraq ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunun önəmini qeyd etdilər.

Sonra Prezident İlham Əliyev daimi nümayəndəliklərin rəhbərlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu və digər məsələlərlə bağlı suallarına cavab verdi.

Xəbər lenti

Xəbər lenti