...

Cinayət Məcəlləsinə hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlbi ilə bağlı qanun layihəsi parlamentə tövsiyə olunub

Siyasət Materials 20 Fevral 2012 13:26 (UTC +04:00)
Hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Cinayət Məcəlləsinə hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlbi ilə bağlı qanun layihəsi parlamentə tövsiyə olunub

Azərbaycan, Bakı, 20 fevral / Trend müxbir M.Əliyev/

Hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Trend-in məlumatına görə, Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bazar ertəsi keçirilən iclasında Komitə sədri Əli Hüseynli bildirib ki, qanun layihəsinin milli qanunvericiliyə implementasiya olunması ilə hüquqi şəxslər artıq cərimə, xüsusi müsadirələr, hüquqi şəxsin əmlakına müsadirə qoyulması və ümumiyyətlə hüquqi şəxsin ləğvi cəzaları məsələsi qaldırılacaq.

Onun sözlərinə görə, hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması Avropa ölkələrində, həmçinin Baltikyanı ölkələr və Gürcüstanda qəbul olunub.

"Qanunvericiliyə olunan bu dəyişiklik həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələbidir", - Hüseynli deyib.

Deputat Qüdrət Həsənquliyev hüquqi şəxsin terrorçu qruplaşmanı maliyələşdirdiyi təqdirdə onun əmlakının bütövlüklə müsadirə olunması təklifi ilə çıxış edib.

İclasda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı deyib ki, Azərbaycanda çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşməsinə qarşı mübarizə üzrə qanunvericilik bazası kifayət qədər təkmilləşib.

"Bu, beynəlxalq institutlar tərəfindən də təsdiqlənib. Bu baxımdan təklif olunan layihə həm əvvəlki öhdəliyimizin icrasına xidmət edir, həm də hüquq siyasətinə yeni konstruksiya gətirir.

Layihədə isə bu halda, hüquqi şəxsin əmlakının bir hissəsinin müsadirəsi nəzərdə tutulub.

Cinayət Məcəlləsinə əmlak müsadirəsi cəzasının ləğvi, xüsusi müsadirə barədə dəyişikliklər və "Narkoloji xidmət və nəzarət haqqında" qanuna dəyişikliklər haqqında qanun layihələri də parlamentin plenar iclasına tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti