...

Prezident İlham Əliyev: Azərbaycan islam dünyasının tərkib hissəsi olmaqdan hər zaman qürur duyub

Siyasət Materials 1 Mart 2012 19:04 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin III Forumunun iştirakçılarına müraciət edib.
Prezident İlham Əliyev: Azərbaycan islam dünyasının tərkib hissəsi olmaqdan hər zaman qürur duyub

Azərbaycan, Bakı, 1 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin III Forumunun iştirakçılarına müraciət edib.

"İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin III Forumunun iştirakçılarını səmimi qəlbdən salamlayır və hər birinizə ölkələrinizin gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram. İslam sivilizasiyası əsrlər boyu sülh və tolerantlığı, bəşəri ideyaları, humanizm və mərhəməti təşviq etmiş və milyonlarla insanı bu ali dəyərlər ətrafında birləşdirmişdir", - müraciətdə deyilir.

İlham Əliyev qeyd edib ki, Azərbaycan islam dünyasının tərkib hissəsi olmaqdan hər zaman qürur duymuşdur. Uzun illərdir ki, Azərbaycanda islam mədəniyyəti və islam dini ilə yanaşı bütün başqa dinlərə dərin hörmət, dözümlülük, müxtəlif dinlərə mənsub olan insanların əməkdaşlıq və sülh şəraitində yaşayışı əsas həyat tərzinə çevrilib.

"Müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir. Bu sahədə uğurların əldə edilməsi müxtəlif dövlətlərin alim və tədqiqatçıları arasında regional və beynəlxalq əməkdaşlığın intensivliyindən və davamlı olmasından asılıdır. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi sivilizasiyalar və mədəniyyətlərarası dialoqun təşviqinə qarşılıqlı hörmət və anlaşma əsasında öz töhfəsini verir", - müraciətdə bildirilir.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın İƏT-in xətti ilə keçirilən çoxsaylı tədbirlərin məkanına çevrilməsinin həm coğrafi, həm tarixi, həm də elmi-mədəni əsasları vardır. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin üçüncü Forumunun Bakıda işinə başlaması əlaqələrin ənənəyə çevrilməsi, mütərəqqi ideya və innovasiyaların təqdimatı və mübadiləsi üçün əlverişli mühit yaradacaqdır.

"İnanıram ki, Forum iştirakçılarının aktual problemlər və çağırışlar, milli təcrübələr ətrafında fəal dialoqunun təşkil edilməsi müxtəlif qitələrdən olan intellektualların səylərini bir araya gətirməklə dünyada sülhə, rifah və əmin-amanlığa xidmət edəcəkdir. Bir daha sizin hamınızı Azərbaycanda ürəkdən salamlayır və Forumun işinə uğurlar arzulayıram", - Azərbaycan Prezidentinin müraciətində deyilir.

Xəbər lenti

Xəbər lenti