Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir M.Əliyev/
Bu gün Bakıda "İslam Əməkdaşlıq Təşkilatı ölkələrində dəyişikliklər və transformasiyalar" mövzusunda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin "beyin mərkəzləri"nin III forumu işinə başlayıb.
Trend-in məlumatına görə, forumun açılış mərasimində çıxış edən Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib ki, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Türkiyənin Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) əməkdaşlığı nəticəsində keçirilən tədbirdə dünyanın müxtəlif ölkələrindən 100-dək dövlət xadimi, alim, millət vəkili, daxili və xarici siyasət, innovasiya texnologiyaları üzrə tanınmış yerli və beynəlxalq ekspertlər, diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak edirlər.
Sonra tədbirdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub.
İƏT-ə üzv dövlətlərin "beyin mərkəzləri"nin III Forumunun sonunda bir sıra vacib sənədlər, o cümlədən Azərbaycan Strateji Araşdırmalar Mərkəzi ilə Misir, Pakistan, Tacikistan, Qazaxstan və Qırğızıstanın müvafiq qurumları arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanacaq.
Qeyd edək ki, forum iki gün davam edəcək.