...

Rusiyanın Ermənistanı təsir zonasında saxlamaq istiqamətində gördüyü işlər gözlənilən nəticəni vermədi – politoloq

Siyasət Materials 6 Mart 2012 14:42 (UTC +04:00)
Rusiyanın Ermənistanı təsir zonasında saxlamaq istiqamətində gördüyü işlər gözlənilən nəticəni vermədi.
Rusiyanın Ermənistanı təsir zonasında saxlamaq istiqamətində gördüyü işlər gözlənilən nəticəni vermədi – politoloq

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir E.Mehdiyev/

Rusiyanın Ermənistanı təsir zonasında saxlamaq istiqamətində gördüyü işlər gözlənilən nəticəni vermədi. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə axşamı Trend BİA-nın konfrans zalında keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, Rusiya-Ermənistan münasibətləri problemli olaraq qalmaqdadır.

"Rusiyadan gələn yüksək çinli dövlət adamlarından ibarət "desant dəstəsi"nin Ermənistanın Rusiyanın təsir zonasında qalması istiqamətində gördüyü işlər gözlənilən nəticəni vermədi. Baş nazirin müavini Viktor Zubkov, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, nəqliyyat naziri və RF-Ermənistan hökumətlərarası komissiyasının sədri İqor Levitin və "RosAtom"un sədri Sergey Kirienkonun səfəri yalnız Cənubi Qafqaz Dəmir Yolları İdarəsinin (CQDY) statusunun rəsmiləşməsi ilə yekunlaşdı", - Əhmədoğlu qeyd edib.

O deyib ki, 2020-ci ilə qədər Rusiya-Ermənistan strateji münasibətlərinə dair sənəd imzalanmadı və Ermənistanda AES tikintisi məsələsində razılıq əldə edilmədi.

"CQDY-nin statusunun rəsmiləşməsi indiki şəraitdə mühüm məsələdir. Ermənistanın Rusiyanı ələ salmaq istiqamətində atdığı addımlardan ən mühümü də CQDY ilə bağlıdır. Ermənistan CQDY ilə müqavilə imzalayıb, dəmiryollarını RF-yə 30 illik konsession idarəçiliyə verdikdən sonra fikrini dəyişdi, dəmiryollarını Fransanın idarəçiliyinə vermək istədi. Təzyiqlərdən sonra Rusiya bunun qarşısını hələlik ala bilib", - politoloq vurğulayıb.

Onun sözlərinə görə, AES Ermənistan üçün elektrik enerjisi istehsal edən stansiya deyil, nüvə çətiri olduğu üçün AES tikintisi məsələsində Rusiya ilə Ermənistanın baxışları üst-üstə düşmür.

O deyib ki, AES-i tikməkdə Ermənistanın əsas məqsədi özünü Türkiyə və Azərbaycandan müdafiə üçün strateji imkanlarını xeyli gücləndirməkdir.

"SSRİ də Ermənistanda AES-i bu niyyət üçün tikmişdi. İndi Ermənistan AES tikməklə strateji müdafiə imkanını möhkəmləndirib, Türkiyə və Azərbaycana qarşı uzunmüddətli mübarizə aparmaq niyyətindədir. Ona görə Ermənistan AES tikintisində Rusiya ilə yanaşı, ABŞ və Fransanın da iştirakını zəruri hesab edir. Ermənistan müdafiəsini tək Rusiyaya etibar etmədyi üçün AES-in də tikintisində təkcə bir dövlətə, xüsusilə Rusiyaya arxayın olmaq istəmir", - Əhmədoğlu deyib.

Xəbər lenti

Xəbər lenti