...

Azərbaycanın birinci xanımı Fransanın mədəniyyət və kommunikasiya naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 9 Mart 2012 18:08 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva cümə günü ölkəmizdə səfərdə olan Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Azərbaycanın birinci xanımı Fransanın mədəniyyət və kommunikasiya naziri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 9 mart /Trend/

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva cümə günü ölkəmizdə səfərdə olan Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Əvvəlcə qonaqlar Heydər Əliyev Fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olublar.

Nümayəndə heyətinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Qonaqlar dahi şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar və fotoşəkillərlə tanış olublar. Nümayəndə heyəti ulu öndər Heydər Əliyevin fenomen şəxsiyyət, mahir diplomat, görkəmli siyasi xadim və nəcib insan olduğunu əks etdirən ekspozisiyaya maraqla baxıb.

Fondla tanışlıqdan sonra Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşüb.

Heydər Əliyev Fondunda qonaqları salamlayan birinci xanım Mehriban Əliyeva onları burada görməkdən şad olduğunu deyib.

Görüşdə Heydər Əliyev Fondunun prezidenti martın 10-da Bakıda "Fransanın inciləri" adlı sərginin açılacağını və burada Fransanın ən möhtəşəm muzeylərinə aid kolleksiyalardan eksponatların təqdim ediləcəyini bildirib. Birinci xanım Mehriban Əliyeva vurğulayıb ki, bu sərgi Azərbaycanın mədəni həyatında mühüm hadisədir.

"Şadam ki, dövlət qurumları ilə yanaşı, Heydər Əliyev Fondu da Fransanın mədəniyyət qurumları ilə sıx əməkdaşlıq edir", - deyən Mehriban xanım Əliyeva qeyd edib ki, Azərbaycan Fransada nazir Frederik Mitteranın dəstəyini hər zaman hiss edib. Azərbaycanın birinci xanımı bu dəstəyə görə minnətdarlığını bildirib.

Heydər Əliyev Fondunun prezidenti paytaxt Parislə yanaşı, Fransanın regionlarında da Azərbaycanla bağlı mədəni tədbirlərin keçirildiyindən şad olduğunu deyib, bu ilin sonunadək Fransanın regionlarında bir neçə tədbirin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

"Şübhəsiz ki, bütün bu tədbirlərin, görüşlərin məqsədi Azərbaycan və fransız xalqlarını bir-birinə daha yaxından tanıtmaqdır", - deyən birinci xanım Mehriban Əliyeva bu ilin aprelində Parisdə "Bakıya uçuş" adlı sərginin təşkil ediləcəyini diqqətə çatdırıb və nazir Frederik Mitteranı bu tədbirə dəvət edib.

Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran birinci xanım Mehriban Əliyeva ilə görüşməkdən məmnun olduğunu bildirib.

Heydər Əliyev Fondunun prezidentinin ötən il Fransaya səfərini xatırladan Frederik Mitteran keçirilən görüşlərin ölkələrimiz arasında dostluğa töhfə olduğunu vurğulayıb.

Qonaq birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində mədəniyyət sahəsinin prioritet istiqamətlərindən birini təşkil etdiyini qeyd edərək, bu sahənin əhəmiyyətindən danışıb.

Fransanın mədəniyyət və kommunikasiya naziri Bakıda "Fransanın inciləri" sərgisinin təşkilinə göstərilən dəstəyə görə Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti