Təfərrüatlar əlavə olunub (ilk xəbər 13:55-də yayılıb)
Azərbaycan, Bakı, 13 mart /Trend/
Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
İdmançılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyevə məlumat verildi ki, son illər Astarada idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqət göstərilir. Müasir olimpiya kompleksinin istifadəyə verilməsi isə gənclərin idmana olan maraq və həvəsini daha da artıracaqdır.
Dövlətimizin başçısı Astara Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi. Azərbaycan Prezidenti kompleksdə yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, ərazisi 5 hektar olan kompleksin tikintisinə 2006-cı ildə başlanmış, inşaat işləri yüksək səviyyədə aparılmışdır. Burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, eyni zamanda,
Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edən fotoguşələr yaradılmışdır.
Qeyd edildi ki, kompleksin 936 nəfərlik böyük idman zalında mini futbol, voleybol, basketbol, tennis yarışları keçirmək üçün hər cür şərait vardır. Məşq zalları, eləcə də 172 tamaşaçı yeri olan üzgüçülük hovuzu da beynəlxalq standartlara cavab verir.
Bildirildi ki, kompleksin daxilində yaradılan qonaq otağında və konfrans zalında müxtəlif tədbirlər keçirmək mümkündür.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, rayonun idman məktəbinin yetirmələri Cəbrayıl Həsənov və Sona Əhmədli İstanbulda sərbəst güləş üzrə keçirilən dünya çempionatında bürünc medal qazanmışlar. Cəbrayıl Həsənov 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdır. Bundan başqa, Azərbaycan Şahmat Federasiyasının qərarı ilə rayonun şahmat məktəbində bir həftə ərzində 150 idmançı arasında respublika çempionatı keçirilmişdir. 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı rayonda görüləcək işlər barədə geniş proqram hazırlanmışdır. Yeni tikilmiş Olimpiya İdman Kompleksi isə "İdman ili"nə ən böyük hədiyyədir.
Dövlətimizin başçısı Olimpiya İdman Kompleksinin ərazisində inşa olunan 4 kottecdə yaradılan şəraitlə də tanış oldu.
Prezident İlham Əliyev kompleksin açılışı mərasimində çıxış etdi.
Yüngül atletika üzrə 16 qat Azərbaycan çempionu Fikrət Qafarov idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür etdi.
Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Astara rayon mərkəzi xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.
Dövlətimizin başçısı xəstəxananın təmirdən əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı.
Məlumat verildi ki, 1983-cü ildə tikilən üçmərtəbəli xəstəxana binası sonralar yararsız hala düşmüşdü. Ayrılan dövlət vəsaiti hesabına 90 çarpayılıq xəstəxana əsaslı şəkildə təmir olunaraq yenidən qurulmuş və ən müasir tibbi avadanlıqla təchiz edilmişdir.
Qeyd edildi ki, xəstəxananın birinci mərtəbəsində qəbul, mama-ginekologiya şöbələri, əməliyyat bloku, yeni doğulan uşaqların intensiv terapiya palatası, ultrasəs müayinə kabineti, 10 palata, mətbəx, bufet və xidməti otaqlar vardır. İkinci mərtəbədə cərrahiyyə, reanimasiya və intensiv terapiya şöbələri, əməliyyat bloku, iki əməliyyat zalı, iki intensiv terapiya palatası, 11 palata, mətbəx, bufet və xidməti otaqlar yerləşir. Üçüncü mərtəbədə isə terapiya şöbəsi, 13 palata, mətbəx, bufet və xidməti otaqlar fəaliyyət göstərir. Xəstəxananın ərazisi abadlaşdırılmış, 1,5 hektar sahədə müasir tələblərə cavab verən yeni istirahət parkı salınmış, yaşıllıq zolağı genişləndirilmişdir. Parkda yay istirahət yerləri quraşdırılmışdır.
Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşərək dedi:
"Sizi gözəl hadisə münasibətilə təbrik edirəm. Çox şadam ki, Mərkəzi Rayon Xəstəxanası artıq gözəl görkəm alıbdır. Əvvəlki şəkillərə baxanda təsəvvür etmək çətindir ki, burada xəstələrə necə qulluq edilirdi. İndi isə bütün gözəl imkanlar, şərait vardır. Vəsait ayrılmış və ondan səmərəli şəkildə istifadə olunmuşdur. Gözəl, müasir tibb mərkəzi yaradıldı. Mən indi baş həkimə deyirəm ki, bütün xəstələr - həm şəhərdən, həm də yaxın kəndlərdən olan xəstələr burada müalicə olunmalıdır. Əməliyyat şöbələri, reanimasiya, doğum şöbələri vardır. Bu da çox vacibdir.
Əlbəttə ki, həkimlərin peşəkarlığından da çox şey asılıdır. Burada gözəl avadanlıq quraşdırılıbdır. Gərək burada təlim kursları təşkil olunsun ki, xəstələrə gözəl qulluq edilsin. Astara Mərkəzi Rayon Xəstəxanasının istifadəyə verilməsindən sonra demək olar ki, bütün bölgədə artıq gözəl müasir tibb infrastrukturu yaradılmış olur. Çünki əvvəlki dövrlərdə Lənkəranda Müalicə-Diaqnostika Mərkəzi yaradılmışdır. Salyan Mərkəzi Rayon Xəstəxanası tikilmişdir. Biləsuvarda, Cəlilabadda diaqnostika mərkəzləri tikilmişdir. Yadımdadır ki, Lerikdə gözəl xəstəxana açılmışdı. Yəni, bölgənin bütün əhalisi bu gözəl şəraitlə təmin edilir. Artıq bir rayondan başqa rayona getmək üçün ehtiyac qalmır. Astara rayonunun sakinləri də mütləq tibbi xidmətdən istifadə etməlidir. Mən dedim ki, maarifləndirmə işləri də aparılmalıdır. Hər bir vətəndaş vaxtaşırı diaqnostikadan keçməlidir. Burada da şərait vardır. Ultrasəs və digər avadanlıq vardır. Çox şadam ki, Astarada gözəl tibb mərkəzi yaradılıb. Həkimlər, tibb bacıları da xəstələrə yaxşı qulluq etməlidir."
Xəstəxananın həkimi Aliyə Həsənova bu xəstəxananın yenidən qurulmasına və bütövlükdə ölkədə səhiyyənin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək dedi:
"Cənab Prezident! İcazə verin, Sizi bütün astaralılar adından səmimi qəlbdən salamlayım və Sizə rayonumuza "Xoş gəlmisiniz!" deyim.
Bu gün Sərəncamınız əsasında əsaslı təmir edilmiş və yenidən qurulmuş bu şəfa ocağının, gözəlliyi ilə göz oxşayan istirahət parkının açılışına toplaşmışıq. Cənab Prezident, bu, Sizin bütün astaralılara göstərdiyiniz qayğının təcəssümüdür.
Əvvəllər xəstəxanamız bərbad vəziyyətdə idi. Müasir tibb avadanlığına ciddi ehtiyac duyulurdu. Xəstələrin burada stasionar müalicəsi üçün heç bir şərait yox idi. Ona görə də əhali məcbur olub xeyli vaxt və vəsait sərf edib rayondan kənarda yerləşən tibbi mərkəzlərə üz tuturdu. Buna görə də Azərbaycanın cənub qapısı, ulu öndər Heydər Əliyevin dediyi kimi, Azərbaycanın cənub mirvarisi olan Astarada belə bir xəstəxananın yaradılmasına Sərəncam verdiniz.
Bu gün açılışına gəldiyiniz bu xəstəxanada biz səhiyyə işçiləri əhaliyə daha yaxşı tibbi xidmət göstərəcəyik. Buna görə biz Sizə çox minnətdarıq, cənab Prezident. Artıq həyatı xilas edilən hər bir insanın şəfa tapmasında Sizin böyük qayğınız danılmazıdır, cənab Prezident! Cənab Prezident, icazə verin bu fərəhli anlardan istifadə edərək Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanın Əliyevaya da dərin minnətdarlığımızı çatdıraq. Biz Mehriban xanımla fəxr edirik. Azərbaycanın birinci xanımı dünyanın mötəbər məclislərində ölkəmizi şərəflə təmsil edir. Dünya Mehriban xanımın timsalında Azərbaycan qadınının parlaq simasını görür. Biz səhiyyə işçiləri, bütün astaralılar Mehriban xanımla fəxr edirik. Bu gün biz astaralılar, xüsusilə gənclər, ətrafınızda sıx birləşməklə, işıqlı ideyalarınızın həyata keçirilməsi üçün hər an Sizinləyik. Ulu Tanrı sizə yar olsun! Çox sağ olun, cənab Prezident!"
Prezident İlham Əliyev: "Çox sağ olun. Mən bir daha sizi təbrik etmək istəyirəm. Doğrudan da bu, gözəl hadisədir. Çünki insanların sağlamlığı hər şeydən üstündür, hər şeydən. Hər bir insan müəyyən dövrdə həkimlərə müraciət edir. Azərbaycanda hər bir yerdə gözəl tibbi xidmət göstərmək imkanı olmalıdır. Bizdə gözəl, peşəkar həkimlər vardır. Tibb məktəbi də güclüdür. Son illər səhiyyə sisteminin təkmilləşməsinə böyük vəsait ayrılıbdır. Ancaq vaxtilə tikilmiş xəstəxanalar əfsuslar olsun ki, sonra bərbad vəziyyətə düşmüşdür. Bunu oradakı şəkillərdən də görmək olar. Təsəvvür etmək çətindir ki, burada necə xidmət göstərmək olar? Ən gözəl həkim burada, belə şəraitdə xəstəyə kömək edə bilməzdi. Ona görə bizim borcumuz və vəzifəmiz ondan ibarətdir ki, belə gözəl tibb ocaqları yaradaq. Ona görə indi səhiyyə obyektlərinin yaradılması, yeni xəstəxanalar, poliklinikalar, diaqnostika mərkəzləri tikilməsi işi geniş vüsət alıbdır. Çox şadam ki, nəhayət, Astarada da belə gözəl xəstəxana qapılarını artıq xəstələrin üzünə açır. Əminəm ki, burada ən yüksək səviyyədə tibbi xidmət göstəriləcəkdir. İcra başçısı mənə deyir ki, əvvəlki dövrdə müalicə üçün xaricə üz tuturdular. İndi hesab edirəm ki, xaricdən müalicə üçün buraya gələcəklər. Xəstəxananı yaxşı vəziyyətdə saxlayın. Ən önəmlisi odur ki, müasir səviyyədə tibbi xidmət göstərilməlidir. Bunu etmək üçün indi bütün imkanlar vardır."
Sonda xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev həmçinin Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, ümumi sahəsi 700 kvadratmetr olan ikimərtəbəli binanın tikintisinə ötən ilin mayında başlanmışdır. Binada ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada, həmçinin ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti, YAP-ın sədri İlham Əliyevin həyat və fəaliyyətini, Astara rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılmışdır. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı və xidməti otaqlar da vardır.
Qeyd edildi ki, hazırda YAP Astara rayon təşkilatının üzvlərinin sayı 5 min 831 nəfərdir.
Binada yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.