...

İlham Əliyev Masallı şəhər su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak edib

Siyasət Materials 13 Mart 2012 16:37 (UTC +04:00)
İlham Əliyev çərşənbə axşamı "Milli su təchizatı və kanalizasiya xidmətləri" üzrə ikinci layihə çərçivəsində yenidən qurulacaq Masallı şəhər su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak edib.
İlham Əliyev Masallı şəhər su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak edib

Azərbaycan, Bakı, 13 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı "Milli su təchizatı və kanalizasiya xidmətləri" üzrə ikinci layihə çərçivəsində yenidən qurulacaq Masallı şəhər su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısı ikinci layihə çərçivəsində görülən işləri əks etdirən stendlərə baxıb.

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədr müavini Məmmədsadıq Quliyev Azərbaycan Prezidentinə məlumat verib ki, Masallıda su təchizatı sisteminin təkmilləşdirilməsinə ciddi ehtiyac var. Tikintisi 1990-cı ildə dayandırılan kanalizasiya təmizləyici qurğu da yararsız vəziyyətdədir.

Qeyd olunub ki, yeni layihə əsasında Masallı şəhərində adambaşına düşən suyun həcmi gün ərzində 180 litr hesablanıb. Bu isə 2030-cu il üçün supaylayıcı şəbəkəyə 24 saat ərzində su verməklə ildə 2 milyon 400 min kubmetr su tələbatı deməkdir. Masallı şəhərinin su təchizatını yaxşılaşdırmaq üçün Viləşçay su anbarı əsas mənbə kimi qəbul olunub. Yeni layihə çərçivəsində həcmi 5 min kubmetr olan su anbarının inşası da təklif edilib. İçməli su Viləşçay anbarının çıxışından təxminən 400 metr məsafədə yerləşən təmizləyici stansiyaya öz axını ilə daxil olacaq. Həmin stansiyanın maksimal gücü gündəlik 22 min kubmetr təşkil edəcək. Bu da Masallı və Cəlilabad rayonlarının içməli su ilə təchizatını təmin etmək üçün kifayətdir. Həmin qurğudan gündəlik 6 min 566 kubmetr su eyni ərazidə yerləşəcək yeni anbara veriləcək və buradan su öz axını ilə boru xətti vasitəsilə supaylayıcı şəbəkəyə ötürüləcək.

Bildirilib ki, içməli su şəbəkəsi 5 min kubmetrlik anbarı, uzunluğu 6,8 kilometr, diametri 630 millimetr olan magistral kəmərdən və 121,5 kilometr uzunluğunda, diametri 110-400 millimetrlik paylayıcı su xətlərindən ibarət olacaq. Masallı şəhərindəki bütün evlərin bu şəbəkəyə qoşulması təmin ediləcək. Yeni layihəyə əsasən, çirkab su şəbəkəsi və daşıyıcı kollektorların ümumi uzunluğu 111,1 kilometr, boruların diametr isə 200 millimetrdən 800 millimetrə qədər olacaq. Toplanan çirkab suları ümumi gücü 37 min əhali ekvivalentinə hesablanmış, saniyədə 242 litr suyu təmizləmək qabiliyyətinə malik, genişləndirilmiş, aerasiya tipli təmizləyici qurğu vasitəsilə emal ediləcək. Bu qurğunun istənilən məsafədən idarə olunması üçün müvafiq SKADA sistemi quraşdırılacaq. Hazırda "Meliorasiya və Su Təsərrüfatı" ASC Masallıdan başqa, "Milli su təchizatı və kanalizasiya xidmətləri" üzrə ikinci layihə çərçivəsində Siyəzən, Şabran, Ağsu, İsmayıllı, Cəlilabad, Yardımlı və Lerikdə də müvafiq layihələr həyata keçirir.

Layihə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Masallı şəhərinin yeni su-kanalizasiya sisteminin təməlini qoyub.

Dövlətimizin başçısı gilizi təmələ buraxdı və beton qarışığı töküb.

Azərbaycan Prezidenti müvafiq tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti