...

Həmməruzəçilər AŞ Monitorinq Komitəsinin iclasında Azərbaycanla bağlı məsələni müzakirə ediblər

Siyasət Materials 14 Mart 2012 12:02 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin iclasında həmməruzəçilər Pedro Aqramunt (İspaniya) və Cozef Debano Qrex (Malta) 2012-ci il yanvarın 31-dən fevralın 2-dək Azərbaycana etdikləri səfər barədə komitə üzvlərinə məlumat veriblər.
Həmməruzəçilər AŞ Monitorinq Komitəsinin iclasında Azərbaycanla bağlı məsələni müzakirə ediblər

Azərbaycan, Bakı, 14 mart / Trend müxbir M.Əliyev/

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin iclasında həmməruzəçilər Pedro Aqramunt (İspaniya) və Cozef Debona Qrex (Malta) 2012-ci il yanvarın 31-dən fevralın 2-dək Azərbaycana etdikləri səfər barədə komitə üzvlərinə məlumat veriblər. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

Onun sözlərinə görə, həmməruzəçilər Azərbaycan Parlamentində, icra hakimiyyətində təmsil olunan və olunmayan müxalifət nümayəndələri ilə görüşlər barədə məlumat veriblər, insan haqları ilə bağlı məsələləri müzakirəyə təqdim ediblər.

"Həmməruzəçilər çıxışlarında Azərbaycanın Avropa Şurasının müxtəlif təşkilatları - Venesiya Komissiya, Parlament Assambleyası, AŞ Nazirlər Kabineti ilə əlaqələrin inkişaf etdiyini vurğulayıblar", - Seyidov deyib.

O qeyd edib ki, həmməruzəçilər çıxışında Azərbaycanın inkişaf etdiyini, Avropa Şurası ilə sıx əlaqə yaradıldığını bildiriblər.

Həmməruzəçilərin çıxışı komitədə geniş müzakirə olunub. Avropalı deputatlar Azərbaycanda gedən prosesləri dəstəklədiklərini birmənalı şəkildə bəyan ediblər.

Seyidov deyib ki, əsas fikirlər Azərbaycanın öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı olub.

Qeyd edək ki, komitənin iclası martın 13-də Parisdə keçirilib.

Xəbər lenti

Xəbər lenti