Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir E.Mehdiyev/
Moskva-Bakı-Yerevan (MBY) dəmiryolunun fəaliyyətə başlaması istiqamətində atılan addımlar Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində dönüş yarada bilər. Həmçinin, bu dəmiryolun açılması Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması prosesinin dayandırılması deməkdir. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
O deyib ki, dildə özünü "Rusiyanın strateji müttəfiqi" adlandıran Ermənistan Moskva-Bakı-Yerevan dəmiryolunun bərpasına imkan verməməklə Rusiyanın Ermənistandan, o cümlədən Cənubi Qafqaz regionundan sıxışdırılması ilə məşğul idi. Bu, Ermənistanın əlində əsas variantlardan biridir.
"Rusiya ərazisindəki, xüsusilə Moskvadakı ermənilərin rəsmi Yerevanın ikibaşlı oyunlarından narazı qalması göz qabağındadır. İndiki şəraitdə erməni müəllif tərəfindən Moskva-Bakı-Yerevan dəmiryolunun işə başlaması ilə bağlı qəzet məqaləsinə də (http://www.ng.ru/courier/2012-03-19/11_zheldor.html) bu kontekstdən yanaşırıq", - o deyib.
Politoloq burada bir neçə nüansın nəzərə alınmasını vacib sayır.
"Birincisi, MBY dəmiryolunun həm Azərbaycanın işğal olunmuş ərazilərindən, həm də Ermənistan ərazisindən keçən hissəsinin ermənilər tərəfindən xüsusi ehtirasla sökülüb yararsız hala salınması nəzərə alınmalıdır. Bakı-Tbilisi-Qars dəmiryolunun yaxın gələcəkdə Naxçıvanadək uzadılması məsələsi real şəkildə gündəlikdədir. Üçüncüsü, Moskvanın Cənubi Qafqaz regionunda kommunikasion aktivliyinin gücləndirilməsi və ya onun kommunikativ aktivliyinə qoyulan maneələrin aradan qaldırlması ümumilikdə Cənubi Qafqaz regionunda proseslərin sağlamlaşmasına xidmət edəcək. Moskvanın gələcəkdə indiki süni azaldılmış imkanlarını bərpa və ya kompensasiya etmək üçün əlavə addımlara ehtiyac qalmayacaq. MBY dəmiryolunun işə salınması və ya fəaliyyətə başlaması Rusiyanın əlində çox asan bir məsələdir. Ermənistan dəmiryollarının RF tərəfindən konsession idarəçisi olan "Cənubi Qafqaz Dəmiryolları" idarəsi Azərbaycanın Nəqliyyat Nazirliyi ilə dəmiryolun Azərbaycan ərazisindən (işğal olunmuş ərazilər) keçən hissənin bərpası ilə bağlı danışıqlara başlaya bilər. MBY-nin Ermənistan ərazisindəki hissəsi isə CQDY-nin tabeliyindədir. Lazım olarsa, siyasi dairələr də bu işə qoşula bilərlər", - Əhmədoğlu deyib.
Onun sözlərinə görə, Rusiya bununla həm Azərbaycan Respublikasının torpaqlarının işğaldan azad olunması, həm də Cənubi Qafqazda mövqeyinin mönkəmləndirilməsi prosesinə başlayır.
"Rəsmi Bakı torpaqlarının işğaldan azad olunmasında, kommunikasiyaların açılmasında ən çox maraqlı tərəfdir. Ermənistanın xüsusi destruktivlik nümayiş etdirməyəcəyi təqdirdə, bu məsələ ən qısa zamanda öz həllini tapa və MBY-nin bərpasına başlana bilər. Vladimir Putinin hakimiyyətə gəlişi hiss olunmağa başlayıb", - o deyib.